19 aprel 2013 00:12
Biri Lənkəranda, qalanı Bakıda: lider dəyişəcəkmi?
Bu həftə Topaz Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək turun ilk günündə ikinci “altılıq”da yarışan komandalar meydana çıxacaq.
Turun açılış matçında “Kəpəz” “Turan”la üz-üzə gələcək. Qərb derbisində 42-ci dəfə üz-üzə gələn autsayderlərin qarşılaşmalarında “Turan” böyük üstünlüyə malikdi. Cari mövsümdə artıq 2 dəfə rəqibini məğlub edən tovuzlular son 6 qarşılaşmada rəqibinin qapısına yol tapıb. Qeyd edək ki, tovuzluların ilk dövrədəki qələbəsi 2:1, ikinci dövrədəki zəfəri isə 5:1 hesabı ilə başa gəlmişdi. Artıq elitanı tərk etməsi rəsmiləşən gəncəlilərin bu görüşə xüsusi motivasiya ilə çıxmayacağı bəllidi. Amma hər halda sürpriz gözləməyə də dəyər.
AZAL isə paytaxt derbisində “Rəvan”la qarşılaşacaq. İkinci “altılığ”ın liderlərinin əvvəlki 6 matçında üstünlük “Rəvan”ın tərəfindədi. AZAL-ın meydanında baş tutan paytaxt derbilərində hər 2 komanda qol sevinci yaşayır. Bu mövsüm baş tutan görüşlərdən birincisi AZAL-ın 3:1 hesablı qələbəsiylə başa çatmışdı. “Rəvan” isə növbəti görüşdə 1:0 hesablı qələbəyə sevinmişdi. “Aslanlar” bu görüşdə qələbə qazanmağı bacarsa, ikinci altılığın lideriylə aradakı xal fərqini azaltmağa nail olacaq. Heç-heçə hazırkı fərqin qorunub-saxlanılmasına səbəb olacaqsa, “təyyarəçilər” qalib gəlsə, izləyiciləri üçün bir qədər də əlçatmaz olacaq.
Ertəsi gün mükafatlara iddialıların iştirakı ilə bir oyun baş tutacaq. Belə ki, “İnter” “Simurq”u qəbul edəcək. 15-ci duelə aşkar üstünlüklə çıxacaq “İnter” cəmi 1 dəfə rəqibinə məğlub olub. Bakılılar öz meydanındakı qarşılaşmalarda ümumiyyətlə xal da itirməyib. Elə ilk dövrədə keçirilən qarşılaşmada da “İnter”1:0 hesabıyla üstün olmuşdu. Lakin “Simurq” ikinci dövrədəki görüşdə həmin yenilginin qisasını elə 1:0 hesablı qələbə ilə çıxmağı bacarmışdı. “Bankirlər” liderlər qrupundan aralanmamaq üçün Zaqatala klubunu mütləq məğlub yola salmağa çalışacaq. Əks halda “İnter”in çempionluq şansları daha da azalacaq.
Tura bazar günü keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. Bir neçə gün öncə kubok görüşlərində qüvvəsini sınamış “Bakı” ilə “Qarabağ” bir-biri ilə üz-üzə gələcək. İndiyədək 40 dəfə qarşılaşan rəqiblərin duellərində “Bakı” qələbə sayında üstündü. “Qarabağ” isə top fərqində cüzi üstünlüyə malikdi. Lakin bu komandaların son 5 oyununda meydan sahibi olan tərəf qələbə qazana bilmir. Elə bu mövsüm baş tutan görüşlərdə də 1:1 və 0:0 hesablı heç-heçələr qeydə alınıb. Hazırda ikinci pillədə qərarlaşan Ağdam klubu həm “Neftçi”yə kubokdakı məğlubiyyəti unutdurmaq, həm də zirvə mübarizəsini davam etdirmək üçün mütləq qalib gəlməyə çalışmalıdı. “Zolaqlılar” üçün isə bu görüş demək olar ki, ciddi önəm kəsb etməyəcək.
Lider “Neftçi”ni bu tur “Qəbələ” ilə sınaq gözləyir. “Neftçi” 19-cu duelə üstünlüklə yollanır. Amma son 5 qarşılaşmada bakılılar cəmi 1 dəfə qələbə qazanıb və 4 dəfə uduzub. “Neftçi” ilk dövrədə keçirilən görüşdə “Qəbələ”ni 3 cavabsız qolla məğlub etmişdi. “Qəbələ” isə “Neftçi”ni 2:1 hesabıyla üstələmişdi. Bu dəfə necə olacağı maraqla gözlənilir. Kubok oyunundan sonra paytaxt klubunda müəyyən yorğunluq hiss oluna bilər. Bölgə təmsilçisinin heyətində isə xeyli itkilər var ki, bu, komandanın son nəticələrinə də az təsir göstərməyib.
Nəhayət, turun qapanış matçında “Xəzər Lənkəran” “Sumqayıt”ı qəbul edəcək. “Xəzər Lənkəran” 5-ci dəfə qarşılaşacağı “Sumqayıt”a heç vaxt uduzmayıb. Ancaq cari mövsümün ilk 2 oyununda qalib gələn də olmayıb. Cənublular bütün oyunlarda rəqib qapısına yol tapıb. Bu mövsümkü görüşlərdən biri 1:1, digəri isə 2:2 hesabıyla başa çatıb.
Topaz Premyer Liqası
27-ci tur
19 aprel (cümə)
17:00. Kəpəz – Turan
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. “Dalğa Arena”.
18:00. AZAL – Rəvan
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “AZAL Arena”.
20 aprel (şənbə)
19:00. İnter – Simurq
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Səfər Haşımov
Bakı. “Şəfa” stadionu.
21 aprel (bazar)
16:00. Bakı – Qarabağ
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
18:00. Neftçi – Qəbələ
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “Baksell Arena”.
19:00. Xəzər Lənkəran – Sumqayıt
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Lənkəran şəhər mərkəzi stadionu.
| 1 | Neftçi | 26 | 16 | 3 | 7 | 51 | 27 | +24 | 51 |
| 2 | Qarabağ | 26 | 13 | 9 | 4 | 36 | 23 | +13 | 48 |
| 3 | İnter | 26 | 13 | 8 | 5 | 30 | 18 | +12 | 47 |
| 4 | Simurq | 26 | 10 | 10 | 6 | 27 | 18 | +9 | 40 |
| 5 | Bakı | 26 | 7 | 14 | 5 | 28 | 19 | +9 | 35 |
| 6 | Qəbələ | 26 | 9 | 7 | 10 | 29 | 32 | –3 | 34 |
| 1 | AZAL | 26 | 10 | 9 | 7 | 40 | 27 | +13 | 39 |
| 2 | Rəvan | 26 | 10 | 4 | 12 | 36 | 38 | –2 | 34 |
| 3 | XL | 26 | 8 | 9 | 9 | 37 | 32 | +5 | 33 |
| 4 | Sumqayıt | 26 | 7 | 7 | 12 | 25 | 44 | –19 | 28 |
| 5 | Turan | 26 | 6 | 6 | 14 | 28 | 49 | –21 | 24 |
| 6 | Kəpəz | 26 | 2 | 4 | 20 | 14 | 54 | –40 | 10 |
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
15 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
11 - Riçard Almeyda (Qarabağ)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt)
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter).
