19 aprel 2013 01:38
Topaz Premyer Liqası, 27-ci tur: Arif Əsədovun proqnozu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 27-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
Kəpəz – Turan
Hər iki komanda demək olar ki, oxşar durumdadı. Baxmayaraq ki, “Kəpəz”lə müqayisədə “Turan”ın turnir cədvəlindəki vəziyyəti bir o qədər də acınacaqlı deyil. Tovuzlular son turda “Xəzər Lənkəran”dan xal almağı bacardılar. Bu, “Turan”a müəyyən qədər psixoloji üstünlük qazandırıb. “Kəpəz”in isə Premyer Liqanı tərk etməsi rəsmiləşib. “Turan”ın qələbə qazanacağını düşünürəm.
AZAL – Rəvan
Son dövrlər hər iki komanda baxımlı futbol sərgiləyir. Həm AZAL, həm də “Rəvan” ikinci altılıqda liderlər qrupunda qərarlaşıb. Ona görə də bu komandalar arasındakı oyunun heç-heçə bitəcəyi qənaətindəyəm.
Bakı – Qarabağ
Fikrimcə, “Bakı”nın hazırda bütün diqqəti ölkə kubokuna yönəlib. Bu üzdən də “Qarabağ” mütləq üç xal qazanmağa çalışacaq. Çünki bu, çempionluq yolunda çox vacibdi. Ağdamlılardan fərqli, “zolaqlılar” üçün bu görüş bir o qədər də həyati əhəmiyyət kəsb etmir. Buna görə də “Qarabağ”ın qələbə qazanacağını gözləyirəm.
İnter – Simurq
“İnter” mütləq qalib gəlməlidi. “Neftçi” və “Qarabağ”a ardıcıl iki məğlubiyyətdən sonra bu komandanın xallara hava-su kimi ehtiyacı var. “Simurq” isə çətin ki, bu mövsüm dördüncü pillədən yuxarı çıxa bilsin. Mənə elə gəlir ki, bu komanda artıq növbəti mövsüm haqda düşünə bilər. Bu oyunda “İnter” qələbə qazanmalıdı.
Neftçi – Qəbələ
Bakılılar bu oyunda xal itirməməlidilər. Onlar mütləq 3 xala sahib çıxmalıdılar. “Qəbələ”yə gəlincə, bu komanda da artıq növbəti mövsüm barədə düşünə bilər. “Neftçi”nin bu komandaya xal verəcəyini düşünmürəm.
Xəzər Lənkəran – Sumqayıt
“Bakı” kimi, “Xəzər Lənkəran”ın da bütün diqqəti ölkə kubokundadı. Cənubluların baş məşqçisi Con Toşakın bu oyunda heyətdə dəyişikliyə əl atacağını, digər futbolçulara şans verməyə çalışacağını ehtimal etmək çətin deyil. “Sumqayıt” isə adətən bu komandaya qarşı yaxşı çıxış edir. Bu dəfə də heç-heçə olacağını proqrnozlaşdırıram.
