19 aprel 2013 21:08
Xəzər Lənkəran Sumqayıtla oyuna hazırlaşır (FOTOREPORTAJ)
Azərbaycan kubokunun yarimfinal mərhələsinin ilk oyununda “Bakı” ilə qarşılaşmadan sonra Lənkərana dönən “Xəzər Lənkəran” bu gün məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində doğma meydanda “Sumqayıt”la görüşəcək “Xəzər Lənkəran” saat 17:00-da əsas meydançada məşqə çıxıb.
Con Bencamin Toşakın rəhbərliyi altında keçirilən məşq sona qədər yüksək əhval-ruhiyyədə davam edib. Hazırda komandada yeganə zədəli futbolçu ispan müdafiəçi Alvaro Silvadı. Komandanın həkimi Gennadi Kişlarinin nəzarətində bərpa məşqlərini davam etdirən Alvaronun qarşıdakı matçlarda komandaya kömək edə biləcəyi gözlənilir.
Sonda qeyd edək ki, bu gün klubun ofisində klub rəhbərliyi ilə köməkçi məşqçi Erik Roketa və futbolçu Robert Alviz arasında keçirilən görüşdən sonra qarşılıqlı razılaşma əsasında “Xəzər Lənkəran”la tərəflər arasında müqaviləyə xitam verilib.
