20 aprel 2013 01:22
AFFA lipa futbolçu tapdı, klublara texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin son iclasında aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatlarındakı qayda pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az sizi həmin qərarlarla tanış edir.
17 aprel 2013-cü il tarixdə U-19 Liqanın “Qəbələ” – AZAL matçının 36-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Vəzir Musayev hakimi təhqir etdiyinə görə və oyundan sonra soyunub-geyinmə otağının qapısını sındırdığı üçün 6 oyunluq cəzalanıb. “Qəbələ” klubu isə Binə qəsəbə stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə etməlidi.
17 aprel 2013-cü il tarixdə U-19 Liqanın “Sumqayıt” – “Rəvan” matçının 41-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Orxan Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
15 aprel 2013-cü il tarixdə U-17 Liqanın “Sumqayıt” – “Qarabağ” matçının 80+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elnur Mustafayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
16 aprel 2013-cü il tarixdə U-15 Liqanın “Neftçi” – “Qəbələ” matçının 35-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Elvin Dəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin futbolçusu Coşqun Süleymanov hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.
U-14 Liqasında çıxış edən “Şirvanovka”nın futbolçusu Elmar Kərimovun sənədlərinin saxta olması aşkar edilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqanın Gİİ (Xətai) – “Səbail” matçında Gİİ (Xətai) iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
17 aprel 2013-cü il tarixdə U-13 Liqanın “Sahil 319” – “Bakı” matçının 6-cı dəqiqəsində “Sahil 319” klubunun futbolçusu Ədalət Yusifov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
