19 aprel 2013 17:50
Lüksemburq Azərbaycanla oyun öncəsi daha iki itki ilə üzləşdi
Futbol üzrə Lüksemburq yığması daha iki ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan “cırtdan ölkə” təmsilçisi Bakıya ciddi itkilərlə gəlməli olacaq.
Məsələ burasındadı ki, bu komandanın aparıcı üzvlərindən olan Kevin Malye və Qi Blez də ölkəmizə gətirilməyəcək. Buna səbəb Kevin Malyenin ciddi zədə ilə üzləşməsidi. Qi Blezin isə Azərbaycanla oyun ərəfəsində övladı dünyaya gəlməlidi. Bu üzdən də o, yığmaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Lüksemburqun heyətində daha öncə Tom Şnell də zədələnmişdi və yığmamıza qarşı oynamayacağı bəllidi.
Azərbaycan – Lüksemburq matçı iyunun 7-də Bakıda keçiriləcək.
