21 aprel 2013 11:15
Rəşad Sadıqov: Hakimlər diqqətli olmalıdılar
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- “Bakı” ilə oyundan nə gözləyirsiz?
- Həm bizdə, həm də rəqib komandada hazırlıq üçün çox az vaxt var idi. Çünki bizim kimi, onlar da kubokun yarımfinal mərhələsində oyun keçiriblər. Bizi çətin oyun gözləyir. Ümumiyyətlə, hər iki komanda üçün çox çətin qarşılaşma olacağını düşünürəm. “Bakı” son dövrlər çox artırıb və əla futbol sərgiləyir. Odu ki, “Qarabağ”ı altılıq mərhələsində ən çətin görüş gözləyir. Buna baxmayaraq, 3 xal qazanmağa çalışacağıq.
- “Bakı” hazırda daha çox kuboku düşünür, nəinki çempionatı...
- Hamı belə düşünür. Amma mən əminəm ki, “Bakı” kubokda finala çıxmağı bacarmasa, çempionatda dördüncü olmaq üçün də əlindən gələni edəcək. Çünki komanda avrokuboklara qatılmaq istəyir. Ona görə də bu komandanın asanlıqla təslim olacağını gözləməyə dəyməz.
- Əsas rəqiblərinizdən biri – “İnter” “Simurq”u 5 cavabsız qolla məğlub etdi..
- Yaxşısı budu, öz oyunumuzdan danışaq. Bizim üçün hər oyunda qələbə qazanmaq çox vacibdi. Əsas odu ki, özümüz uduzmayaq. Belə olan halda digər oyunların nəticəsi bizim üçün əhəmiyyətsizdi.
- Qışda yeni transferlər etsəz də, komandanın hücum xəttində hələ də problemlər qalır. Vaqif Cavadovla Braimir Subaşiç zədədən yenicə qayıdır. Komanda yalnız Emeka Oparanın ümidinə qalıb...
- Əlbəttə, hazırda bütün yük Oparanın çiyinlərindədi. Amma tezliklə hər şey yaxşıya doğru dəyişməlidi. Cavadov artıq sağalıb. Subaşiçin də bizə köməyi dəyəcək.
- Çempionatdakı şanslarınızı necə qiymətləndirirsiz?
- Oyunların nə qədər çətin keçdiyini özünüz də görürsüz. Hər bir komanda istənilən rəqiblə görüşdə çətinliklə üzləşir. Biz də hər şeyə rəğmən, uğurlu çıxış etməyə çalışırıq.
- Oyunların nə qədər çətin keçdiyini özünüz də görürsüz. Hər bir komanda istənilən rəqiblə görüşdə çətinliklə üzləşir. Biz də hər şeyə rəğmən, uğurlu çıxış etməyə çalışırıq.
- Son dövrlər sizin oyunlarınızla bağlı hakim qalmaqalları daha çox diqqət mərkəzində olur. Bunlar komandaya nə dərəcədə təsir göstərir?
- Biz həmişə hakimlikdən danışmamağa çalışırıq. Sadəcə, hakimlərin diqqətli olmasını istəyirik. Çünki onların hər bir səhvi bütün komandanın, futbolçuların mövsüm ərzində çəkdiyi əziyyətin üzərindən xətt çəkə bilər. Şəxsən mən onların daha az səhv buraxmasını istərdim. Çünki hakimlər çox böyük məsuliyyət daşıyırlar.
- “Bakı” ilə oyundan dərhal sonra “Neftçi” ilə kubokun cavab görüşünə çıxacaqsız...
- Yox. Hələ bu oyun barədə danışmaq istəmirəm. Öncə “Bakı” ilə oyuna çıxaq. “Neftçi” ilə oyun haqda ondan sonra danışarıq.
