24 aprel 2013 23:46
Böyükağa Hacıyev Qarabağı təriflədi, Stamenkoviçi hədələdi, finalda maraqlı oyun söz verdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ”la qarşılaşmanı şərh edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 2:2 hesabıyla başa çatan oyundan sonra bunları dilə gətirib:
“Biz “Qarabağ”a qarşı düzgün taktika ilə mübarizə apardıq. Riçard Almeyda və Reynaldo Silvanı “bağlamaq” üçün Denis Silva və Erik Ramosu meydana buraxmışdıq. Qurban Qurbanovun komandası layiqli rəqibdi. Əminəm ki, onlar yayda Azərbaycanı Avropa Liqasında layiqli şəkildə təmsil edəcəklər. Əgər Saşa Stamenkoviçin səhvi olmasaydı, biz bu gün qələbə də qazana bilərdik. Onu bu səhvinə görə cəzalandıracağam. Bu cəzanın necə olacağını siz hamınız görəcəksiz. Çempionatda kimin birinci olacağını hələ bilmək olmaz. Tamamilə mümkündü ki, Çempionlar Liqasında elə “Qarabağ” oynasın. Kubokun finalına gəlincə, maraqlı oyun olacaq. Çünki bir-birini öldürməyə hazır olan iki komanda üz-üzə gələcək. Güclü olanın qazanmasını istəyirəm”.
