24 aprel 2013 12:54
Atleticoya qarşı kimlər oynayacaq?
Aprelin 30-da Bakıda “All Star of Azerbaijan” – “Atletico” beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, öncədən Madrid klubunun əməkdaşlıq etdiyi “Bakı” klubu ilə qarşılaşması planlaşdırılmışdı.
Lakin sonradan bu qərar dəyişdirilib. Son qərara əsasən, “Atletico”ya qarşı Azərbaycanda çıxış edən ən aparıcı futbolçular forma geyəcəklər.
Bu barədə saytımıza müsahibəsində “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov məlumat verib: “Artıq “Atletico”nun Bakıya səfəri ilə bağlı hər şey dəqiqləşdirilib. Bir şeyi deyə bilərəm ki, Madrid klubu Azərbaycana bütün futbolçu və rəhbər heyəti ilə təşrif buyuracaq. Onlarla yanaşı Bakıya 30-a yaxın əcnəbi jurnalist də gələcək. Hansı ki, 10-u teleşirkət nümayəndəsidi”.
Heyətə gəlincə, Seyidov hələlik bu oyunda kimlərin iştirak edəcəyinin dəqiqləşmədiyini bildirdi: “Atletico”ya qarşı Azərbaycanın ən yaxşı və perspektivli futbolçularını çıxarmağa qərar verdik. Bura həm yığmamızda çıxış edənlər, həm də digərləri daxildi. Heyəti bu oyun üçün seçiləcək baş məşqçi müəyyənləşdirəcək. Amma onun adına hələ aydınlıq gətirməmişik. Oyunu AFFA-nın təyin edəcəyi yerli hakimlər briqadası idarə edəcəklər”.
Bu qarşılaşmanı izləmək üçün də çoxlu əcnəbi ulduzların Bakıya gəlişi gözlənilir: “Bakı”nın prezidenti Hafiz Məmmədov təklif etdi ki, bu oyun Heydər Əliyevin 90 illiyinə həsr olunsun. Onun dəvəti ilə Bakıya Hakan Şükür, Abdulla Avcı, Rüştü Reçber, Bülənt Korkmaz kimi futbolçular gəlməlidi. Onlar ayın 30-da bu oyunu izləyəcəklər, həmçinin səhəri gün Azərbaycan və Avropanın veteranları arasındakı matçı izləyəcəklər”.
