24 aprel 2013 14:09
Lüksemburq Azərbaycan ilə oyun öncəsi fransız futbolçu milliləşdirir (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi Lüksemburq fransız futbolçu milliləşdirir. Azerisport.az xəbər verir ki, bu, hazırda Belçikanın “Beerschot” klubunda çıxış edən Maksim Şanodu.
23 yaşlı futbolçu bu həftənin əvvəlində Lüksemburq vətəndaşlığını almaq üçün sənədlərini təqdim edib. Bu, onun bir nənəsinin Lüksemburq əsilli olması nəticəsində mümkün olub.
Qeyd edək ki, Nansidə anadan olmuş Şanonun ilk klubu da məhz yerli “Nancy” klubu olub. Lakin o, yetirməsi olduğu bu klubdan tez ayrılıb və müxtəlif dövrlərdə “Reims”, “Sheffield United” (İngiltərə), “Mansfield Town” (İngiltərə), “Hamilton” (Şotlandiya), “Le Mans”, “Gueugnon”, “Woluwe” kimi komandalarda çıxış edib.
Onu da bildirək ki, Lüksemburq yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də Azərbaycan millisinin qonağı olacaq və Şano da həmin görüşdə forma geyməyə ümid edir.
