24 aprel 2013 14:45
Atletico Azərbaycanın gənc istedadları haqda məlumat topladı
Məlum olduğu kimi, “Bakı” ilə İspaniyanın “Atletico” klubu arasındakı əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, seçilmiş gənc azərbaycanlı futbolçular Madrid təmsilçisinin bazasında təlim alacaqlar. Azerisport.az xəbər verir ki, uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletico"nun məşqçi-seleksiyaçılarına həvalə olunub.
Bir neçə gün öncə məhz bu məqsədlə 3 nəfərdən ibarət seleksiyaçı məşqçi Bakıya gəlmişdi. Daniel Qonsales Sanz, David Bellver və Xuanxo Rodriqez 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. 1 həftə ərzində aparılan analizlər nəticəsində ən perspektivli futbolçular müəyyənləşib və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunub. Bu siyahıda tək "Bakı"nın yox, digər klubların da üzvləri var.
Artıq ispaniyalı mütəxəssislər vətənlərinə dönüblər. Onlar may ayında yenidən Bakıya gələcəklər və Madridə aparılacaq futbolçularımızla bağlı yekun qərar da həmin vaxt veriləcək. Seleksiya işləri tam başa çatdıqdan sonra siyahı elan olunacaq. Seçilmiş uşaqlar yay aylarından etibarən Madriddə futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar. Layihənin bütün xərclərini "Bakı" ödəyəcək.
