27 aprel 2013 00:06
Sonun başlanğıcı: Lider dəyişəcəkmi?
Bu gün və sabah Topaz Premyer Liqasında 28-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, son turlardan fərqli bu dəfə 3 deyil, 2 gün davam edəcək turun ilk günündə ikinci “altılıq”da 2 cüt meydana çıxacaq.
“Kəpəz” “Sumqayıt”la qarşılaşacaq. Sonuncu pilləni təmin edən “Kəpəz” “Sumqayıt”la səfər oyunlarının hamısında uduzsa da, öz meydanında məğlubedilməzdi. “Gənclik şəhəri” təmsilçisi səfərdəki ilk 3 dueldə rəqibinə qalib gələ bilməyib. Amma bu mövsüm “Sumqayıt”ın ev sahibi olduğu görüşlərdə məhz sumqayıtlılar qalib gələn tərəf olublar – 2:1, 1:0. “Kəpəz”in meydanında baş tutan qarşılaşmada isə hesab açılmamışdı.
Çempionatın digər autsayderi “Turan” isə “Rəvan”ın qonağı olacaq. Bakılılar “Turan”la bütün oyunlarda qol vurmaqla üstünlüyə də malikdi. “Rəvan” öz meydanında keçirdiyi qarşılaşmalarda eyni sayda – 2 top vurur. Bu mövsüm tərəflər arasında keçirilən ilk oyunda “Rəvan” bu rəqibi ilə 2:2 hesablı heç-heçəyə razılaşmışdı. Bakıda keçirilən oyunda isə meydan sahibləri 2:0 hesabıyla qalib gəlmidilər. Final mərhələsindəki oyuna gəlincə, “Rəvan” bu rəqibinə 6:2 hesabıyla divan tutmuşdu. Bu üzdən də Əfqan Talıbovun yetirmələri bu gün “aslanlar”dan qisas almağa çalışacaqlar.
İkinci oyun günündə isə turun əsas qarşılaşmaları keçiriləcək. “Bakı” “Simurq”la münasibətlərinə aydınlıq gətirəcək. 15 dəfə qarşılaşan rəqiblər daha çox heç-heçə edir. Komandaların son 6 oyununda məhsuldarlıq da çox aşağıdı. Bu matçlarda cəmi 4 qol vurulub. Zaqatala təmsilçisi isə son 5 matçda qola da həsrətdi. Ümumiyyətlə, təsnifat mərhələsində həm Zaqatalada, həm də Bakıda keçirilən görüşlərdə 0:0 hesabı qeydə alınmışdı. Final mərhələsinin ilk dövrəsində baş tutan “Simurq” – “Bakı” matçı isə qonaqların minimal hesablı qələbəsiylə bitmişdi. Bu görüşdə tərəflər avrokuboklara vəsiqə uğrunda son şanslarını paylaşacaqlar.
“Qəbələ” “Qarabağ”ı qəbul edəcək. Çempionatda 20-ci dəfə üz-üzə gələcək komandaların matçlarında Ağdam təmsilçisi üstünlüyə malikdi. Lakin son 6 ev matçında uduzmayan qəbələlilər bu görüşlərdə 3 qələbə qazanıb və 3 heç-heçə edib. Elə təsnifat mərhələsində Qəbələdə baş tutan qarşılaşma da 1:1 hesabıyla bitmişdi. “Qarabağ”ın ev sahibi olduğu qarşılaşmalara gəlincə, təsnifat mərhələsində “Qəbələ” səfərdə 2:1 hesabıyla üstün olmuşdu. “Qarabağ” yalnız final mərhələsində bu rəqibini 1:0 hesabıyla yenməyi bacardı. Bu komandalar cari mövsümdə həm də ölkə kubokunda üz-üzə gəldi. Səfərdə 1:1-ə razılaşan “Qarabağ” doğma meydanda qolsuz heç-heçə sayəsində yarımfinala yüksəlmişdi.
Turun mərkəzi oyununda lider “Neftçi” çempionluq yolundakı əsas rəqiblərindən olan “İnter”lə qarşılaşacaq. 35-ci duelə qədər baş tutan matçların yarısında “Neftçi” qalib gəlib. Flaqman böyük üstünlüyə malik olduğu rəqiblə son 5 qarşılaşmada da uduzmayıb. Təsnifat mərhələsi zamanı səfərdə 1:1 hesablı heç-heçəyə razılaşan “Neftçi” evdə 2:0 hesablı qələbəyə sevinmişdi. Final mərhələsində isə “ağ-qaralar” bu komandanı səfərdə də minimal hesabla yendi. İndi “bankirlər” çempionluq şanslarını daha da azaltmamaq üçün prinsipial rəqibinə mütləq qalib gəlməlidi. Əks halda “Neftçi” “İnter” üçün tamamilə əlçatmaza çevrilə bilər.
Turun daha bir görüşü ikinci altılıq çərçivəsində keçiriləcək. Amma elə bu görüşü də turun maraqlı oyunlarından biri hesab etmək olar. Çünki Şüvəlandakı oyunda cari mövsüm ilk altılığa layiq sayılsa da, autsayderlər qrupuna düşən iki komanda - AZAL və “Xəzər Lənkəran” görüşəcək. Çempionatda baş tutacaq 20-ci duelə lənkəranlılar üstünlüklə çıxacaq. Son 2 oyunda qələbə qazana bilməyən cənublular səfərdəki 2 matçda qalib gəlib. Elə təsnifat mərhələsindəki səfər oyununda da “Xəzər Lənkəran” 2 cavabsız qolla üstün olmuşdu. Lakin cari mövsüm Lənkəranda keçirilmiş oyunları da AZAL-ın aktivinə yazmaq lazımdı. “Təyyarəçilər” təsnifat mərhələsində 2:1 hesabıyla qalib gəlmiş, final mərhələsində isə 1:1 hesablı heç-heçəyə nail olmuşdular.
Topaz Premyer Liqası
28-ci tur
27 aprel (şənbə)
17:00. Kəpəz – Sumqayıt
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “Dalğa Arena”.
17:00. Rəvan – Turan
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bayıl Arena”.
28 aprel (bazar)
16:00. Bakı – Simurq
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
16:00. Qəbələ – Qarabağ
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ. Şəhər stadionu.
18:00. Neftçi – İnter
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “Bakcell Arena”.
18:00. AZAL – Xəzər Lənkəran
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. “AZAL Arena”.
| 1 | Neftçi | 27 | 17 | 3 | 7 | 53 | 28 | +25 | 54 |
| 2 | Qarabağ | 27 | 14 | 9 | 4 | 37 | 23 | +14 | 51 |
| 3 | İnter | 27 | 14 | 8 | 5 | 35 | 18 | +17 | 50 |
| 4 | Simurq | 27 | 10 | 10 | 7 | 27 | 23 | +4 | 40 |
| 5 | Bakı | 27 | 7 | 14 | 6 | 28 | 20 | +8 | 35 |
| 6 | Qəbələ | 27 | 9 | 7 | 11 | 30 | 34 | –4 | 34 |
| 1 | AZAL | 27 | 11 | 9 | 7 | 43 | 29 | +14 | 42 |
| 2 | XL | 27 | 8 | 10 | 9 | 37 | 32 | +5 | 34 |
| 3 | Rəvan | 27 | 10 | 4 | 13 | 38 | 41 | –3 | 34 |
| 4 | Sumqayıt | 27 | 7 | 8 | 12 | 25 | 44 | –19 | 29 |
| 5 | Turan | 27 | 7 | 6 | 14 | 29 | 49 | –20 | 27 |
| 6 | Kəpəz | 27 | 2 | 4 | 21 | 14 | 55 | –41 | 10 |
Bombardirlər:
22 - Nikolas Kanales (Neftçi)
16 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
12 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter)
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter).
