26 aprel 2013 12:14
Rahid Əmirquliyev kubokda da rekordçu oldu
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə cavab oyunu (2:0) “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla rekord müəyyənləşdirib.
“Xəzər Lənkəran”ın heyətində ən çox oyun keçirən futbolçu kimi rekorda malik müdafiəçi 35-ci kubok oyununa çıxdı. Bununla da o, klub rekordunu müəyyənləşdirib. Bunadək Alim Qurbanovla şərikli rekorda (34 oyun) sahib olan Əmirquliyev sabiq komanda yoldaşını arxada qoyub.
Kapitan komandanı finala çıxaran topa imza atmaqla rəqib qapılarına vurduğu qolların sayını 26-ya çatdırıb. Bununla da Rahid braziliyalı Mario Souzaya çatıb. Yalnız klubun 2 ən yaxşı bombardiri – Zaur Ramazanovla Samir Əliyevdən geri qalan kapitan hazırda 3-cü pilləyə şərikdir.
Vurduğu qolların 6-nı kubokda rəqib qapısından keçirən Əmirquliyev bu yarışdakı bombardirlərimiz sırasında da 3-cü pilləyə şərik olub. Burada o, Ramazanova da çatıb.
