26 aprel 2013 12:22
Xəzər Lənkəran üçün beşinci final
“Bakı” ilə Azərbaycan kubokunun yarımfinal matçının cavab oyununda 2:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” 1 mövsümlük fasilədən sonra yenidən bu yarışın finalına vəsiqə qazandı. Azerisport.az klub saytına istinadən xəbər verir ki, 9 illik tarixində 5-ci dəfə buna nail olan “ağ-yaşıllar” 2 dəfə 1/4, 2 dəfə də 1/2 finalda mübarizəni dayandırıb.
İlk 2 mövsümündə finalın 1 addımlığında büdrəyən komanda sonradan “2 final, 1 ¼ final” ardıcıllığına əməl edir. 2006/07 və 2007/08 mövsümlərində kuboku Lənkərana gətirən klub növbəti yarışı ¼ finalda dayandırdı. Sonradan yenə 2 il ardıcıl final oynayan Lənkəran təmsilçisi ötən mövsüm ¼ finalda çıxışını başa vurdu.
1/4 finalda mübarizəni dayandırdıqdan sonra yenidən finala yüksələn “ağ-yaşıllar” əvvəlki 4 finaldan 3-də qalib gəlib. 4-cü dəfə mükafata yiyələnməyə çalışacaq XL bütün finallarını son 7 ildə gerçəkləşdirib. Kubokun 4 qat qalibi ilə finalda görüşəcək “Xəzər Lənkəran” həmin görüşdə bu göstəricidə rəqibinə çatmaqla Azərbaycan rekordunun şəriklərindən olacaq. Belə ki, kuboka hamıdan çox – “Neftçi” ilə “Kəpəz” hərəyə 4 dəfə yiyələnib.
