26 aprel 2013 15:26

Berti Foqts: Bunlar mənim günahım deyil!

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun azerisport.az saytına müsahibəsi
 
- Görüşə 30 dəqiqə gecikdiniz. İşləriniz çoxdu?
- Mən bura gələndə işlərim həmişə çox olur. Həlli vacib olan çoxlu iş var. Məşqçilər üçün seminar keçirmək istəyirik. Həmçinin Lüksemburqla oyuna hazırlaşırıq. Bütün bu və digər məsələləri baş katib Elxan Məmmədovla müzakirə edirik.
 
- Neçə gün burda olacaqsız?
- Mayın 5-də gedəcəm, 25-də yenidən qayıdacam.
 
- Mayın 1-də veteranlar arasında keçiriləcək yoldaşlıq oyununda avropalıları meydana siz çıxaracaqsız. Artıq heyəti müəyyənləşdirmisiz?
- Bu, mənim üçün o qədər vacib olan məsələlərdən deyil. Almaniyada hər həftəsonu belə oyunlar keçirilir. Fikrimcə, Azərbaycanda da ənənəvi hal alması yaxşı olardı. Bu, həm də gənc futbolçular üçün faydalı olardı. Ən azından Nazim Süleymanovun, Vəli Qasımovun bu yaşında necə futbol oynadığını görərdilər və başa düşərdilər ki, onlar əvvəllər necə çıxış ediblər.
 
- Aprelin 30-da Madrid “Atletico”sunun azərbaycanlı futbolçulardan təşkil olunmuş yığma komanda ilə oyunu olacaq. Hətta bu oyunda komandamızı sizin meydana çıxaracağınız deyilirdi...
- Məndə olan məlumata görə, “Atletico” ilə “Bakı” oynayacaq. Hansı klublar öz futbolçularını bu oyuna buraxacaq?
 
- Belə cavabsız suallar çoxdu. Ümumiyyətlə, bu cür adlı-sanlı kluba qarşı Azərbaycan yığmasını çıxarmaq necə olardı?
- Bizimki yığma komandadı, klub yox. Kluba qarşı oynaya bilmərik. Ümumiyyətlə, belə oyun nəyimizə lazımdı ki? Apreldə toplanış keçirmək istəyirdim. Amma PFL rəhbərliyi ilə razılığa gələ bilmədik. Çünki hazırda çempionat həlledici mərhələdədi. Futbolçuları klublarından ayırmaq heç də yaxşı alınmır.
 
- Siz kluba qarşı oynamağın lazımsız olduğunu deyirsiz, amma millimiz dəfələrlə belə oyunlar keçirib. Elə sizin rəhbərliyiniz altında da...
- İndiki məqamda bizə matç lazım deyil. Lüksemburqla oyun öncəsi yoxlama oyunu keçirəcəyik. Amma bu, mayın axırında olacaq. Həmin oyunlarda yığmanın bütün futbolçuları iştirak edəcək. Yalnız “Neftçi” və “Xəzər Lənkəran”da çıxış edən oyunçularımız istisna təşkil edəcək. Çünki onları Azərbaycan Kubokunun final oyunu gözləyir.
 
- Lüksemburqla oyunda Rauf Əliyevlə Vüqar Nadirov iştirak edə bilməyəcək. Bu, sizi narahat etmir?
- Bizim hücum xəttində problemimiz yoxdu. Yetərincə oyunçumuz var.
 
- Hamı qarşıdakı oyunda sizdən yalnız qələbə gözləyir. Bu, sizə problem yaratmır?
- Xeyr. Oyun öncəsi şanslar bərabərdi. Biz onları hələ səfərdə məğlub etmək istəyirdik. Burda daha çətin olacaq. Çünki Lüksemburq böyük qüvvəylə müdafiə olunur. Onlar Portuqaliyaya da çətinlik yaşadıblar, Şimali İrlandiya ilə sülh bağlayıblar. Əlbəttə, biz bu komandanı hər iki oyunda məğlub etməyə borcluyuq. Amma səbrli olmaq daha vacibdi. Əgər İsrail və Şimali İrlandiyaya qarşı keçirdiyimiz oyunları sərgiləyə bilsək, qələbə qazanmaq şansımız yüksək olacaq. Yığmanın oyunçuları indidən bu oyun haqda düşünməlidilər. Siz Rauf Əliyevi qeyd etdiniz. O, Portuqaliya ilə oyunda qırmızı vərəqə almasaydı, nə olacaqdı? Nəticə fərqli ola bilərdi. Həmin qırmızı vərəqə komanda üçün çox böyük zərbə oldu. Elə isə niyə heç kim onu buna görə tənqid etmədi? Mənə elə gəlir ki, bu addımı xaricdə çıxış edən hansısa futbolçu atsaydı, onu daha çox tənqid edərdiniz. Məsələn, Rüfət Dadaşov və ya Cihan Özkara.
 
- Nəticə olmayanda milliləşdirilmiş futbolçular daha çox tənqid olunur...
- Portuqaliya ilə oyun öncəsi mənə sual verdilər ki, Cihanın menecerini tanıyırammı? Belə söhbətlər futbolçulara çox pis təsir edir. Onlar da azərbaycanlıdılar, yığmada oynamaq istəyirlər. Jurnalistlər belə nüanslara həssas yanaşmalıdılar. Avropa Liqasından sonra bir həftə istirahət etmək lazım deyil. Hər dörd gündən bir oyun keçirmək lazımdı. Belə oyunlarda mən Rəşad Sadıqovdan, Mahir Şükürovdan daha çox şey gözləyirəm. Onlar əsas rolu öz üzərlərinə götürməlidilər.
 
- Bəs sizin hansı səhvləriniz olub?
- Yığmada inkişaf hiss olunur. Mən əlimdə hansı material varsa, onunla işləməyə başlamışam.
 
- Siz sualımıza cavab vermədiniz...
- Hər bir insanın səhvi olur. Azərbaycanda yalnız ölkə prezidenti səhv etmir.
 
- Azərbaycanda belə hesab edirlər ki, Foqts getsə, yığmamız daha yaxşı oynamağa başlayacaq...
- Əgər AFFA-dan mənə desələr ki, mən yığmanı inkişafdan saxlayıram, dərhal əşyalarımı toplayıb gedərəm. Mənim müqaviləmin müddəti ilin sonuna qədərdi.
 
- Hər oyun zamanı stadionda sizin adınızı elan edəndə azarkeşlərin sizi fitə basması sizə necə təsir edir?
 - Almaniyanın Azərbaycandakı səfirliyinin işçiləri mənə bu haqda deyiblər. Mümkündü ki, kimlərsə narazıdı. Ola bilər ki, hansınınsa sevimli oyunçusu start heyətdə yer almır və ya ümumiyyətlə yığmaya çağırılmır. Amma mən futbolçuları yığmaya simpatiyaya görə çağırmıram.
 
- Bəlkə çoxlarını narazı salan nəticələrdi?
- Əgər Portuqaliya ilə oyunda məndən qələbə gözlənilirsə, bu, yaxşıdı. Deməli, komanda son illər artırıb. Əvvəllər yığma belə oynamırdı.
 
- Tsiklin sonunda neçə xal yığacağınıza ümidlisiz?
- Məni statistika maraqlandırmır.
 
- Amma sizin işinizə məhz nəticələrə görə qiymət verilir...
- Mənim üçün əsas AFFA-nın işimdən razı olmasıdı. Almaniyada əsas buna diqqət yetirirlər. Bizim hədəfimiz yaxşı komanda yaratmaqdı. Bu yöndə də işlərimiz davam edir.
 
- Axı yığma AFFA-nın yox, xalqın komandasıdı. Xalq isə sizdən nəticə gözləyir...
- Əgər xal bizdən qələbə gözləyirsə, deməli, yaxşı çalışırıq. Beş il öncə bizdən hansısa turnirin final mərhələsinə çıxmağı heç kim gözləmirdi. İsraillə oyunda Kamran Ağayevin, Şimali İrlandiya ilə oyunun 95-ci dəqiqəsində Səlahət Ağayevin, Rusiya ilə oyunda hakimin səhvi olmasaydı, indi nə qədər xalımız olardı? Biz bu tsikldə çox yaxşı çıxış edirik. Topladığımız xallar da çox olmalı idi. Amma hansısa hakim və ya ayrı-ayrı oyunçular belə səhvlər buraxırsa, bunun günahkarı mən deyiləm.
 
- AFFA rəhbərliyi yığmamızdan AÇ-2016-nın final mərhələsinə çıxmağı gözləyir. Siz bu barədə nə düşünürsüz?
- Mən adının qızıl hərflərlə tarixə yazılmasını gözləyən adamlardan deyiləm. Mənim adım onsuz da Almaniyadakı bəzi tarixi kitablarda yer alıb. Azərbaycan yığmasında da yaxşı komanda yaratmaq istəyirik. Hazırda isə məni daha çox Lüksemburqla qarşıdakı oyun düşündürür. Yığmanın AÇ-2016-ya vəsiqə qazanacağını indidən deyə bilmərəm. Amma bu, son dövrlər mənim ünvanıma səslənən ən yaxşı komplimentlərdən biridi.
 
- Premyer Liqada hansı klubu favorit görürsüz?
- Premyer Liqada hər şey aydındı. Çempionluq mübarizəsi “Neftçi” ilə “Qarabağ” arasında gedəcək. “Neftçi” sabit oyun göstərməyə davam edir. Yaxşı legionerləri var. Ağdamlıların heyətində isə çoxlu yığma üzvü cəmləşib. Gərgin mübarizə olacaq.
 
- Bəs kuboku kim qazanacaq?
- “Neftçi”nin Premyer Liqanı qazanıb-qazanmamasından çox şey asılı olacaq. Əgər çempion olsalar, kubok onlar üçün bir o qədər də vacib əhəmiyyət kəsb etməyəcək. Mən Con Toşakı yaxşı tanıyıram. Bilirəm ki, o, komandanı belə oyunlara yaxşı hazırlaya bilir. Baxmayaraq ki, “Xəzər Lənkəran”ın “Bakı”nı keçəcəyini gözləmirdim. Bu mövsüm çox maraqlı keçir.
 
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bəzi futbol adamlarının onun oğlunun toyuna gəlməməsindən şikayətlənib. Sizi dəvət etmişdi?
- Dəvət etsəydi, şübhəsiz ki, qəbul edərdim. Yəqin onun mənim üçün Almaniyadan Bakıya bilet almağa pulu olmayıb. “Neftçi” varlı klubdu, ona kömək edə bilərdi (gülür). Gənclərə xoşbəxtlik arzulayıram.
 
- Onun sizi mütəmadi tənqid etməsinə rəğmən, toya gedərdiz?
- Onun haqqımda dediklərini oxuyuram. Sizə onu deməliyəm ki, Hacıyev zarafatı sevir. Onun dediklərinə tez-tez gülürəm. Amma bu, o demək deyil ki, onunla ədavətim var. Böyükağa öz işini çox yaxşı görür.
 
- Toşak qısa zaman kəsiyində öz işi və açıqlamalarıyla rəğbət qazanmağı bacardı. Hətta o, Lənkəranda velosipedlə dolaşmağa başlayıb. Buna münasibətiniz necədi?
- Velosiped sürməyi bacarmıram. Amma şəhərə çox tez-tez çıxıram. Burda çoxlu dostlarım var. Onlarla tez-tez restorana gedirik. Azərbaycan mətbəxini çox sevirəm. Xüsusilə də canlı musiqi və rəqs olan yerlərə getməyi xoşlayıram. Mən Bakıda olanda bütün günümü oteldə keçirmirəm.
 
- Dilimizi nə dərəcədə yaxşı bilirsiz?
- Pis sualları dərhal başa düşürəm (gülür).
 
- Azərbaycanlı jurnalistlərdən çox narazısız?
- Mən sizə heç bir neqativ münasibət bəsləmirəm. Siz də öz işinizi görürsüz. Kimsə öz işini yaxşı görür, kimsə pis. Sadəcə onu qeyd etmək istəyirəm ki, Paulo Bento, Yoahim Löv, Qus Hiddink mənə bildirmişdi ki, sənin qardaşların niyə bu cür suallar verirlər. Mən çox təəssüf edirəm ki, hansısa bir jurnalistər görə hamınız haqqında eyni fikir formalaşır. Bu, ölkə üçün də mənfi haldı. Həm də buna əcnəbi jurnalistlər də şahidlik edirlər. İnanın ki, mən də öz növbəmdə hamınızın belə olmadığını başa salmağa çalışmışam. Sizi və həmkarlarınızı müdafiə etməyə çalışmışam. Mən həmin jurnalistləri “Rəvan” – “Kəpəz” matçında görməmişəm. Onlar oturub Çempionlar Liqasının bir-iki oyununa baxırlar, sonra yığmanın oyunundan sonra keçirilən mətbuat konfransına gəlib qəribə suallar verirlər.
 
- Azarkeşlər sizin gedişinizdən sonra yığmada Qurban Qurbanovu görmək istəyirlər. Sizcə, o, buna hazırdı?
- Bunu şərh etmək istəmirəm. Elə də güclü klublarda çalışmayan yaxşı məşqçilər də var. Əgər AFFA-da məndən bu barədə soruşsalar, məsləhətlərimi verərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.