27 aprel 2013 16:34
Xəzər Lənkəran 15-ci qələbə axtarışında
Topaz Premyer Liqasının 28-ci turunda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” son vaxtlar formalaşan ənənəni davam etdirməyə çalışacaq. Belə ki, cənublular paytaxt təmsilçisinin meydanındakı son 2 oyunda quru qələbələr qazanıb.
Azerisport.az klub saytına istinadən xəbər verir ki, bu matçlarda “ağ-yaşıllar” 5 cavabsız qol vurub.
Ümumilikdə isə komanda AZAL-la çempionatda 20-ci, bütün yarışlarda isə 24-cü duelə çıxacaq. İndiyəqədərki 23 qarşılaşmada “Xəzər Lənkəran” aşkar üstünlüyə malikdir. 14 dəfə qalib gələn XL 5 dəfə heç-heçə edib və cəmi 4 matçda məğlubiyyətə üzülüb. Bakıya 15-ci qələbə üçün yollanan rəqib qapısına 30 qol vuran lənkəranlılar 13 top buraxıb.
“Xəzər Lənkəran” AZAL-la səfər qarşılaşmalarında da böyük üstünlüyə malikdir. Rəqib meydanında baş tutan 11 görüşdə 6 qələbəsi olan qonaqlar 2 dəfə heç-heçə edib və yalnız 3 dəfə uduzub. Bu oyunlarda top fərqi cənubluların üstünlüyünü əks etdirir – 12:5. Elə son 4 səfər matçında da “Xəzər Lənkəran” cəmi 1 top buraxıb.
