29 aprel 2013 18:29
Azərbaycanda keçiriləcək DÇ-nin püşkatması (FOTOREPORTAJ)
Aprelin 29-da Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci futbol kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin, Beynəlxalq Hərbi İdman Şurasının, FİFA-nın, AFFA-nın nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bildirmişdir ki, hazırda Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır. Bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri baş verir, perspektivli idmançılarımızın sayı artır.
Qeyd edilmişdir ki, Beynəlxalq Hərbi idman Şurasının ilk dəfə keçirilən futbol üzrə birinci dünya kuboku yarışlarına ev sahibliyinin Azərbaycana etibar edilməsi olduqca sevindiricidir. Bakıda dünya çempionatı yüksək idman mübarizəsi şəraitində keçiriləcək və layiqli komandalar qaliblər sırasında olacaqlar.
Tədbirdə Beynəlxalq Hərbi İdman Şurasının Prezidenti Hamad Kal Kaba çempionata göstərdiyi dəstəyə görə Prezident ilham Əliyevə minnətdarlığını bildirmişdir.
Çempionatda ABŞ, Almaniya, Azərbaycan, Bəhreyn, Braziliya, Əlcəzair, Fil Dişi Sahili, İraq, Kamerun, Kanada, Keniya, Qətər, Mali, Niderland Krallığı, Oman Sultanlığının komandaları mübarizə aparacaqlar.
Sonda püşkatma mərasimi keçirilmişdir.
Püşkatmanın nəticəsinə görə A qrupunda Azərbaycan, İraq, Mali, Kanada, B qrupunda Əlcəzair, Fransa, Bəhreyn, Keniya, C qrupunda Oman, Fil Dişi Sahili, Almaniya, ABŞ, D qrupunda Braziliya, Niderland Krallığı, Qətər, Kamerun komandaları mübarizə aparacaqlar.
