29 aprel 2013 19:26
Ramin Musayev: Premyer Liqa milli komanda üçün keçirilir
Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusunun və ən yaxşı qolunun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən PFL-in prezidenti Ramin Musayev bəzi məsələlərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, nitqində bunları deyib:
“Əvvəlki tədbirimizdən fərqli olara bu dəfə KİV nümayəndələrinin sayı azdır. KİV bu il futbola diqqət ayıran tərəfdaşlarımıza daha çox dəstək olmalıdır. KİV nümayəndələrinin sayəsində hər ayın ən yaxşıları seçilir, bizim yarışları işıqlandırılır. Lakin jurnalistlər futbolçuları tənqid etməkdən çox futbol rəhbərlərini tənqid edirlər. Sanki futbolu rəhbərlər oynamalıdır. Milli komandanın heyətində olan hər hansı bir futbolçu çempionat oyunlarında özünü göstərə bilmirsə, onu tənqid etmək lazımdır. Çünki, o, milli komandaya, hamımıza lazım olan futbolçudur. Topaz-ın sayəsində Premyer Liqanın oyunlarından canlı yayımın sayı bir neçı dəfə artıb, I Divizionun da bəzi oyunlar televiziya vasitəsi ilə yayımlanır. Amma bundan heç bir KİV yazmır. Premyer Liqanın bombardirləri sırasında yerli oyunçuların olmamasını araşdırmaq lazımdır. Bunda nə PFL-in, nə də AFFA-nın günahı yoxdur. Çempionat milli komandamız üçün keçirilir. Lakin milli komandanın üzvləri arxayınlaşmamalıdır. Premyer Liqanın formatının dəyişməsi Topaz üçün də xeyirlidir, çünki, çempionatda keçiriləcək oyunların sayı artacaq”.
