30 aprel 2013 00:38
Rekordlarla zəngin mövsüm
Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Rəvan” "Turan”la üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, 1:0 hesablı qələbə qazanan “aslanlar” son 6 matçda 5-ci zəfərinə nail oldu.
Maraqlıdır ki, ilk "mini dövrə”yə də minimal hesablı qələbə ilə başlayan paytaxt klubu martın 12-də "Xəzər Lənkəran”ı evdə üstələmişdi. 2013-cü ildə keçirdiyi bütün çempionat oyunlarında qol vuraraq seriyanı 10-a çatdıran "Rəvan” bu baxımdan öz rekordunu daha da uzatmaqdadı. Baş məşqçi Ramil Əliyevin Premyer Liqada 10-cu dəfə "Rəvan”a başçılıq etdiyi görüş həm də komandanın elitada keçirdiyi 60-cı qarşılaşma kimi tarixə düşdü. 2011-ci ilin avqustundan başlayan Premyer Liqa həyəcanı dövründə "Rəvan” 21 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 24 oyunda isə yenilib. Topların fərqi də hələ ki, mənfi saldoyla ölçülür – 78:80.
Ancaq ötən mövsümlə müqayisədə irəliləyiş göz önünddir. Məsələn, artıq 17 oyundu heç-heçə etməyən “Rəvan” cari mövsüm 11-ci qələbəsini bayram etdi. Halbuki Premyer Liqada debüt etdiyi 2011/12 "futbol ili”ndə bu göstərici 10-a bərabər idi. Ötən mövsüm 39 qol vurmuş "aslanlar” bu dəfə 28 tura bunu bacardı. Üstəlik, komanda evdə 7-ci qələbəsini bayram etdi və doğma divarlar arasında toplanan xalların sayını 23-ə çatdırdı. Ötən mövssüm isə bu göstərici 22-yə bərabər idi. Hələ nəzərə almaq lazımdır ki, qarşıda 1 ev oyunu qalıb.
Oyunun maraqlı məqamlarından biri də hakimliklə bağlı oldu. Belə ki, Namiq Bəkirov Premyer Liqada məhz bu görüşdə debüt etdi. Cari mövsüm "Rəvan”ın oyunlarında fir çalan 11-ci referi olan Bəkirov ümumilikdə çempionatda 12-ci oldu. Premyer Liqada fit çalmış hakimlərdən yalnız bundan öncəki tur debütü baş tutmuş Ömər Paşayevin yolları hələ ki, “Rəvan”la kəsişməyib. Ümumiyyətlə, 1992-ci ildən keçirilən çempionatlarda bunadək 88 hakim iş başında olmuşdu ki, Bəkirov bu siyahıya 89-cu kimi daxil oldu.
