30 aprel 2013 00:49
Rəvan Sumqayıtla oyunun hazırlıqlarına başladı (FOTO)
"Rəvan” Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində aprelin 27-də "Turan”ı minimal hesabla üstələyəndən sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə futbolçulara 1 günlük istirahət verilmişdi. Azerisport.az xəbər verir ki, bazar günü dincələn futbolçular ötən gündən məşqləri bərpa ediblər.
Komanda artıq "Sumqayıt”la mayın 4-də baş tutacaq növbəti oyuna hazırlaşır. Ənənəvi olaraq oyundan sonrakı ilk məşq bərpaedici xarakter daşıyıb. Yüngül zədəsi olanlar meydanın kənarında sadə qaçışla kifayətlənibsə, digərlərini də məşqçilər yormayıb. İsinmə hərəkətlərindən sonra toplu çalışmalara başlayan oyunçularda yüksək əhval-ruhiyyə hiss olunub. Elə bunun nəticəsidir ki, məşqin sonuna doğru çalışmalarla yanaşı, zarafatlar da özünə yer tapıb.
