29 aprel 2013 16:54
Bakıda keçiriləcək DÇ-nin püşkü atıldı
Bu gün Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci futbol kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin, Beynəlxalq Hərbi İdman Şurasının, FİFA-nın, AFFA-nın nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bildirib ki, hazırda Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır. Bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri baş verir, perspektivli idmançılarımızın sayı artır. Qeyd edilib ki, Beynəlxalq Hərbi idman Şurasının ilk dəfə keçirilən futbol üzrə birinci dünya kuboku yarışlarına ev sahibliyinin Azərbaycana etibar edilməsi olduqca sevindiricidi. Bakıda dünya çempionatı yüksək idman mübarizəsi şəraitində keçiriləcək və layiqli komandalar qaliblər sırasında olacaqlar.
Tədbirdə Beynəlxalq Hərbi İdman Şurasının Prezidenti Hamad Kal Kaba çempionata göstərdiyi dəstəyə görə Prezident ilham Əliyevə minnətdarlığını bildirib.
Çempionatda ABŞ, Almaniya, Azərbaycan, Bəhreyn, Braziliya, Əlcəzair. Fil Dişi Sahili, İraq, Kamerun, Kanada, Keniya, Qətər, Mali, Niderland Krallığı, Oman Sultanlığının komandaları mübarizə aparacaqlar. Sonda püşkatma mərasimi keçirilib.
İyunun 30-dan iyulun 16-dək Bakı şəhərində baş tutacaq hərbçilər arasında I Dünya Futbol Kubokunun oyunları 4 ayrı qrupda keçiriləcək.
Püşkatmasının nəticələri:
"A" qrupu :
1. Azərbaycan
2. İraq
3. Mali
4. Kanada
"B" qrupu:
1. Əlcəzair
2. Fransa
3. Bəhreyn
4. Keniya
"C" qrupu:
1. Oman
2. Kot d`İvuar
3. Almaniya
4. ABŞ
"D" qrupu:
1. Braziliya
2. Niderland
3. Qətər
4. Kamerun
