30 aprel 2013 18:10
AFFA səkkiz kluba lisenziya verdi, altı klubu Premyer Liqaya buraxmadı
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. İclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun (8 UEFA klub yarlşlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb. Azerisport.az xəbər verir ki, lisenziyalaşdırma prosesində MOİK və “Tərəqqi” AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina edib.
Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında MOİK-lə “Tərəqqi”nin lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.
Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. 2013-2014 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 9-cu maddəsinin 13-cü bəndi (versiya 5.0): AZAL, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", "Neftci", "Xəzər Lənkəran", “Simurq”.
2. 2013-2014 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndi (versiya 3.0): "Rəvan", "Sumqayıt".
3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq “Kəpəz”, “Turan”, "Qaradağ Lökbatan", "Ağsu", “Neftçala”, “Lokomotiv”-in 2013-2014 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.
4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
