30 aprel 2013 13:43
Bernd Şuster Bakıda (FOTO)
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan almaniyalı məşhur futbol veteranı Bernd Şuster bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla görüşüb. Azerisport.az xəbər verir ki, qonağı salamlayan E.Məmmədov AFFA-nın dəvətini qəbul etdiyi üçün ona minnətdarlığını bildirib.
Öz növbəsində B.Şuster Azərbaycanda olmasından böyük məmnunluq hissi keçirdiyini və veteranlar arasında keçiriləcək yoldaşlıq oyununu səbirsizliklə gözlədiyini deyib.
AFFA-nın Futbol akademiyasına gedən almaniyalı futbol veteranı buradakı şəraitlə tanış olub, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb və Azərbaycan milli komandasının futbolkasının üzərinə xatirə imzası çəkib. Baş katib AFFA-nın hədiyyələrini Bernd Şusterə təqdim edib.
