30 aprel 2013 14:07
Qaraçalanın baş məşqçisi: Rəqiblərimizin də heyətində peşəkar futbolçular var idi
Məlum olduğu kimi, Azərbaycan çempionu “Qaraçala” həvəskarlar arasında UEFA Regionla Kubokunun final mərhələsinə vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, artıq komandamız Litvadan qayıdıb.
Məhz bu üzdən komandanın baş məşqçisi Adil Mahmudovla söhbətləşdik. O, öncə komandasının çıxışını qiymətləndirib: “Komanda bu turnirdə çox yaxşı çıxış etdi. Biz bütün oyunları yüksək səviyyədə keçirdik, qalib gəldik və yüz faizli nəticə ilə final mərhələsinə adladıq”.
Mahmudov son günlər çoxsaylı söhbətlərə yol açan məsələdən – “Qaraçala”nın heyətində “Qaradağ Lökbatan”ın futbolçularının yer almasından da danışdı: “Bəli, heyətdə bu komandanın üzvlərindən olanlar var idi. Amma sizin rəqib komandalarda nələr baş verdiyindən xəbəriniz yoxdu. Məsələn, Litvada ümumiyyətlə həvəskarlar liqası yoxdu. Onlar birinci liqada çıxış edən komanda ilə təmsil olunurdular. UEFA Makedoniya təmsilçisinin heyətində iki qanunsuzluq aşkarladı. Onlar demək olar ki, birinci liqanın yığma komandası ilə çıxış edirdilər. Amma buna baxmayaraq, makedoniyalı jurnalistlər komandanı dəstəkləyirdilər. Bizi isə Azərbaycanda tənqid edirdilər. Təsəvvür edə bilməzsiz ki, bu, bizə nə qədər pis təsir edirdi. Hətta digər klubların nümayəndələri də bizə qarşı belə münasibətdən təəccübləndiklərini gizlətmirdilər”.
Lakin Mahmudov bu söhbətlərə əhəmiyyət verməyin lazımsız olduğunu düşünür: “Biz Rusiya klubu ilə birgə final mərhələsinə yüz faizlik nəticə ilə çıxan yeganə komanda olduq. Komandamızın final mərhələsinə çıxmasına sevinmək lazımdı. Bu, Azərbaycan futbolunda yeni bir tarixdi. Əlbəttə, UEFA-nın nizamnaməsi fərqli şey deyə bilər. Amma bir halda ki, rəqib komandaların da heyətində oxşar hallar var, o zaman bizə bu şəkildə irad tutmaq yersizdi”
“Qaraçala”nın çalışdırıcısı sonda bunları qeyd etdi: “Bizi indi İtaliyada keçiriləcək final mərhələsinin görüşləri gözləyir. “Qaraçala” Almaniya, İspaniya, İtaliya klubları ilə birgə baş mükafat uğrunda mübarizə aparacaq. Qarşımıza ən azı mükafatçılar sırasına düşmək vəzifəsi qoyulub”.
Qeyd edək ki, final mərhələsinin oyunları iyunun 23-30-u aralığında keçiriləcək.
Qeyd edək ki, final mərhələsinin oyunları iyunun 23-30-u aralığında keçiriləcək.
