1 may 2013 15:07
Futbol Bakcell ilə layihəsinə start verildi
Ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Bakcell şirkəti ilə "Bakcell Arena" əməkdaşlığı çərçivəsində birgə yeni layihəyə start verib. Azerisport.az xəbər verir ki, "Futbol Bakcell ilə" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır.
Layihə çərçivəsində iki yaş qrupu üzrə - 8-10 və 10-12 yaşlı uşaqlar həftədə iki dəfə təmənnasız olaraq məşq keçmək imkanı əldə edəcəklər. Eyni zamanda bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunacaq.
"Futbol Bakcell ilə" layihəsinə AFFA tərəfindən Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 56-58 ünvanında inşa olunmuş süni örtüklü meydançada start verilib. Əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev və Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer yeni tikilmiş bu meydançanın qarşısında qırmızı rəmzi lenti kəsib. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun və dünya şöhrətli veteran futbolçu Dvayt Yorkun topa ilk toxunuşundan sonra Bəhmən Həsənovun rəhbərliyi ilə meydançada müxtəlif yaşlı uşaqların məşqi başlayıb.
AFFA-nın prezidenti Rövnəq Abdullayev və Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer layihə ilə bağlı fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıblar.
