1 may 2013 15:33
Foqts, York, Rüştü, Kamran və Rəşad uşaqlarla futbol oynadı
Xəbər verdiyimiz kimi, ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Bakcell şirkəti ilə "Bakcell Arena" əməkdaşlığı çərçivəsində birgə yeni layihəyə start verib. Azerisport.az xəbər verir ki, "Futbol Bakcell ilə" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır.
Layihə çərçivəsində növbəti məşq AFFA-nın Futbol akademiyasının meydançasında keçirilib. Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirerlə yanaşı, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu gün veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar ölkəmizdə səfərdə olan türkiyəli futbol veteranları Hakan Şükür, Rüştü Rəcbər və Abdullah Avcı, həmçinin Duayt York, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, qapıçılar üzrə məşqçi Uli Ştayn, millinin və "Bakı" klubunun qapıçısı Kamran Ağayev bu tədbirdə iştirak ediblər. Futbol veteranları uşaqlara avtoqraf verib, onlarla birgə futbol oynayıb, xatirə şəkli çəkdiriblər. Hakan Şükür, Rüştü Rəcbər və Abdullah Avcı jurnalistlərin suallarını cavablandırıblar.
"Futbol Bakcell ilə" layihəsinin bu gün start verildiyi növbəti məkan Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 45 ünvanında yerləşən süni örtüklü meydança olub. Adları yuxarıda sadalanmış futbol veteranları ilə yanaşı bu tədbirdə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov da iştirak edib. Berti Foqts, Hakan Şükür, Uli Ştayn, Dvayt York, Rüştü Rəcbər, Rəşad Sadıqov və Kamran Ağayevdən ibarət komanda ilə bu meydançada "Futbol Bakcell ilə" layihəsi çərçivəsində məşq keçəcək uşaqlar arasında oyun keçirilib. Sonda futbol veteranları uşaqlarla xatirə şəkli çəkdirib.
