3 may 2013 00:12
Derbilərlə zəngin tur və ya çempionluq oyunu
Bu gün və sabah Topaz Premyer Liqasında 29-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmaların üçü ilk, qalanı ikinci oyun gününə təsadüf edəcək.
Turun açılış matçında ikinci altılığın təmsilçiləri meydana çıxacaqlar. “Turan” Bakıda AZAL-ı “qəbul edəcək”. 22-ci dəfə qarşılaşacaq rəqiblərin əvvəlki oyunlarında bakılılar böyük üstünlüyə malikdi. Ancaq son 7 dueldə meydana qonaq kimi çıxan tərəf qələbəyə həsrət qalıb. Bu mövsüm tərəflər arasında keçirilmiş ilk oyundan tovuzlular qalib ayrılıblar - 1:0. AZAL Bakıda keçirilən cavab oyununda da bu rəqibinə qalib gələ bilməmişdi - 0:0. Amma final mərhələsinin ilk dövrəsindəki görüşdə nəhayət “təyyarəçilər” 2 cavabsız qolla qalib gəlməyi bacardılar. Paytaxt klubu bu oyuna lider kimi çıxır və demək olar ki, heç bir hədəfi yoxdu. Vaqif Sadıqovun yetirmələrindən fərqli olaraq, Tovuz təmsilçisi elitada qalmaq uğrunda mübarizə aparır. “Turan”a bu görüşdə qazanılacaq 1 xal da böyük kömək edə bilər. Lakin Əfqan Talıbovun yetirmələri üçün son dövrlər yenilməzə çevrilən bakılıları devirmək heç də asan olmayacaq.
İkinci altılıq çərçivəsindəki digər görüşdə “Xəzər Lənkəran” doğma meydanında “Kəpəz”lə qarşılaşacaq. Son 6 oyunda rəqibinə 1 xal da verməyən “Xəzər Lənkəran” çempionatın autsayderi ilə görüşlərdə ardıcı 7-ci qələbəsini qazanmağa çalışacaq. İndiyədək 9 dəfə rəqibini yenən cənublular “Kəpəz”lə oyunlarda 10-cu qələbəni qazana bilər. Elə cari mövsüm baş tutmuş oyunlarda da müvafiq olaraq 4:0, 1:0 və 2:1 hesablı qələbələr qeydə alınıb. Bu görüşdə də hansısa sürpriz gözlənilmir. Baxmayaraq ki, elitanı tərk etməsi dəqiqləşən və heç bir amalı qalmayan gəncəlilər son turda “Sumqayıt”ı büdrətməyi bacarmışdılar.
İlk günün ən prinsipial görüşü “Simurq”la “Qəbələ” arasında baş tutacaq. Son dövrlər uğursuz çıxışı ilə seçilən və dördüncü pilləni itirmək təhlükəsi ilə üzləşən Zaqatala təmsilçisi doğma meydanda mütləq qələbə qazanmağa çalışacaq. Əks halda Georgi Çixradzenin komandası vəziyyəni daha da ağırlaşdıra bilər. “Qəbələ” isə cari mövsümlə bağlı bütün ümidlərini itirib və artıq növbəti çempionata hazırlıq haqda düşünür. Əvvəlki 17 matçda eyni sayda qələbə qazanan komandaların oyunlarında “Qəbələ” top fərqində üstünlüyə malikdi. Lakin son 3 qarşılaşmada “Simurq” məğlub olmayıb. Ümumilikdə, son 6 görüşdə öz meydanında oynayan komanda qələbə qazana bilmir. Təsnifat mərhələsində Zaqatalada keçirilən qarşılaşma 1:1 hesabıyla başa çatmışdı. Qəbələdəki cavab görüşündə isə “Simurq” minimal hesablı qələbəyə sevinmişdi. Final mərhələsinin ilk dövrəsindəki matç yenə 1:1 hesablı heç-heçə ilə bitmişdi.
İkinci oyun günündə öncə “Sumqayıt” “Rəvan”la münasibətlərinə aydınlıq gətirəcək. Sumqayıtlılar ən azı indiki mövqeyini qorumaq üçün paytaxt klubuna uduzmamalıdı. Əks halda “Turan”la aradakı xal fərqi aradan qalxa bilər. Bakılılar isə sadəcə xal ehtiyatını artırmaq məqsədi güdürlər. 8-ci dəfə qarşılaşacaq rəqiblərin matçlarında aşkar üstünlük “Rəvan”ın tərəfindədi. Bakılılar “Sumqayıt”ın bütün ev oyunlarında eyni – 1:0 hesabı ilə qalib gəlib. Elə cari mövsümün təsnifat mərhələsinə təsadüf edən görüşündə də oxşar nəticə qeydə alınmışdı. “Rəvan” meydanında keçirilən qarşılaşmada isə “Sumqayıt” 3:2 hesabıyla üstün olmuşdu. “Rəvan” həmin məğlubiyyətin əvəzini yalnız final mərhələsində 3:0 hesablı qələbə ilə çıxa bildi.
Turun və bəlkə də mövsümün ən vacib oyunu “Qarabağ”la “Neftçi” arasında baş tutacaq. Əzəli rəqiblərin 52-ci dueli ərəfəsində “Neftçi”nin cüzi üstünlüyü var. Lakin son 3 oyunda qalib gələn Ağdam təmsilçisi seriyanı davam etdirməklə tarazlığı bərpa edə bilər. “Neftçi”nin vuracağı ilk qol bu duellərdə “Qarabağ”ın buraxdığı 50-ci top olacaq. Maraq üçün qeyd edək ki, “Qarabağ” Böyükağa Hacıyevin yetirmələrini təsnifat mərhələsindəki hər iki oyunda 1:0 hesabıyla üstələmişdi. Final mərhələsində “Neftçi”nin meydanında baş tutan görüşdə isə Qurban Qurbanovun komandası 2:1 üstün olmuşdu. İndi “Qarabağ” bu görüşü də qalib başa vuraraq, “poker”ə imza atmaq istəyindədi. Bu, çempionluq baxımından çox önəmlidi. Çünki hazırda liderdən üç xal geri qalan Ağdam klubu qələbə qazansa, zirvəyə şərik olacaq aralarındakı oyunlarda üstünlüyə malik olduğu üçün “Neftçi”ni qabaqlayacaq. Amma mümkün heç-heçə və ya məğlubiyyət “Neftçi”yə sərf edəcək və “Qarabağ”ın çempionluq şanslarını azaldacaq. Bu oyunda qazanılacaq qələbə ağdamlılar üçün kubokdakı məğlubiyyəti unutmağa da yardımçı ola bilər. Axı “Neftçi” finala məhz bu rəqibini mübarizədən kənarlaşdırmaqla çıxdı.
Nəhayət, turun qapanış matçında iki paytaxt klubu üz-üzə gələcək. “İnter” “Şəfa”da “Bakı”nı qəbul edəcək. Bu paytaxt derbisi 34-cü dəfə baş tutacaq. Bunadək eyni sayda qələbə qazanan tərəflərin duellərində “Bakı” top fərqinə öndədi. Ancaq son 5 oyunda uduzmayan “İnter” 4 dəfə qələbəyə sevinib və 1 dəfə “sülh”lə kifayətlənib. Həmin heç-heçə (0:0) təsnifat mərhələsinin “Bakı”nın meydanında baş tutan görüşündə qeydə alınmışdı. “Bankirlər” isə doğma meydanda minimal hesablı qələbəyə sevinmişdilər. Final mərhələsində “Bakı”nın meydanında baş tutan qarşılaşma isə 1:2 hesablı məğlubiyyətlə başa çatmışdı.
Topaz Premyer Liqası
29-cu tur
3 may (cümə)
17:00. Turan – AZAL
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “Dalğa Arena”.
18:00. Simurq – Qəbələ
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Asim Xudiyev.
Zaqatala. Şəhər stadionu.
19:00. Xəzər Lənkəran – Kəpəz
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Lənkəran şəhər mərkəzi stadionu.
4 may (şənbə)
17:00. Sumqayıt – Rəvan
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. “Bayıl Arena” stadionu.
19:00. Qarabağ – Neftçi
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
21:00. İnter – Bakı
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Şəfa” stadionu.
| 1 | Neftçi | 28 | 18 | 3 | 7 | 55 | 28 | +27 | 57 |
| 2 | Qarabağ | 28 | 15 | 9 | 4 | 39 | 23 | +16 | 54 |
| 3 | İnter | 28 | 14 | 8 | 6 | 35 | 20 | +15 | 50 |
| 4 | Simurq | 28 | 10 | 10 | 8 | 28 | 25 | +3 | 40 |
| 5 | Bakı | 28 | 8 | 14 | 6 | 30 | 21 | +9 | 38 |
| 6 | Qəbələ | 28 | 9 | 7 | 12 | 30 | 36 | –6 | 34 |
| 1 | AZAL | 28 | 12 | 9 | 7 | 45 | 29 | +16 | 45 |
| 2 | Rəvan | 28 | 11 | 4 | 13 | 39 | 41 | –2 | 37 |
| 3 | XL | 28 | 8 | 10 | 10 | 37 | 34 | +3 | 34 |
| 4 | Sumqayıt | 28 | 7 | 8 | 13 | 25 | 45 | –20 | 29 |
| 5 | Turan | 28 | 7 | 6 | 15 | 29 | 50 | –21 | 27 |
| 6 | Kəpəz | 28 | 3 | 4 | 21 | 15 | 55 | –40 | 13 |
Bombardirlər:
24 - Nikolas Kanales (Neftçi)
16 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
12 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter) - 8 qol
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).
