2 may 2013 13:57
Xəzər Lənkəranın poker iddiası
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 29-cu turunda “Kəpəz”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, cənub klubu bu görüşdə özünəməxsus pokerə imza ata bilər.
Məsələ ondadı ki, cari mövsümdə baş tutan ilk 3 oyunda qələbə qazanan “ağ-yaşıllar” 4-cü dəfə rəqibini məğlub etməklə 1 çempionatda eyni rəqibdən 12 xal almağı bacaracaq.
Səfər oyunlarında minimal fərqli qələbələr qazanan “Xəzər Lənkəran” evdə darmadağın etdiyi rəqibi yenidən qonaq edəcək. Bu üzdən də mövsümdə 4-cü qələbənin qeydə alınması inandırıcı görünür. Ümumilikdə isə ardıcıl 6 qələbə qazanan cənublular bu seriyanı 7-yə çatdırmaq istəyindədir.
İlk dəfə 2004/05 mövsümündə qarşılaşan və yalnız çempionat çərçivəsində üz-üzə gələn rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. 9 qələbəsi olan “Xəzər Lənkəran” 1 dəfə heç-heçə və 1 dəfə məğlubiyyətə üzülüb. Top fərqində üstünlük isə aşkardır – 20:8.
