5 may 2013 12:41
AZAL çempion oldu, İnter Avroliqaya vəsiqəni təmin etdi
Bu mövsüm avrokuboklarda ölkəmizi təmsil edəcək daha bir komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, “İnter” Avropaya vəsiqəni təmin edib.
“Bankirlər” Premyer Liqanın 29-cu turunda “Bakı”nı 2:1 hesabı ilə yenərək xal hesabını 53-ə çatdırdı. “İnter” indi dördüncü pillədəki “Simurq”u 10 xal qabaqlayır. Qarşıdakı 3 turda bu fərqin aradan qalxması mümkün olmadığından, “İnter” mövsümü ən azı 3-cü pillədə başa vuracaq. Bununlada “bankirlər” Avropaya, daha dəqiqi Avroliqaya vəsiqəni təmin edib. Çünki lider “Neftçi”dən 7 xal geri qalan Kaxaber Tsxadadzenin yetirmələrinin bu fərqi aradan qaldırması mümkün görünmür.
Qeyd edək ki, bundan əvvəl avrokuboklara “Neftçi” və “Qarabağ” vəsiqəni təmin etmişdi. Digər bir vəsiqə uğrunda isə “Xəzər Lənkəran” (kubokda), “Simurq” və “Bakı” (Premyer Liqada) mübarizə aparır. “Neftçi” çempion olsa, “Xəzər Lənkəran” kubokun finalını gözləmədən Avroliqaya vəsiqə əldə edəcək. Əks halda, Lənkəran klubu kuboku qazanmağa məcburdu. “Simurq” və “Bakı” isə “Neftçi”nin çempion olmayaraq, kuboku qazanmasına dua etməlidi.
Bu tur eyni zamanda dha bir komandanın mövsümü hansı pillədə bitirəcəyini müəyyələşdirdi. Belə ki, AZAL öz yerini müəyyənləşdirib. Cümü günü “Turan”ı 2:0 hesabı ilə yenən “təyyarəçilər” xal hesabını 48-ə yüksəltdi. Şənbə günü isə AZAl-ın ən yaxın izləyicisi “Rəvan” “Sumqayıt”a yenildi. Belədə Vaqif Sadıqovun komandası sona 3 tur qalmış 8-ci pillə ilə xal fərqini 11-ə yüksəltdi. Qarşıdakı 3 turda bu fərq aradan qalxmayacağından, AZAL ikinci “altılığ”ın çempionu oldu.
Qeyd edək ki, bundan əvvəl yalnız “Kəpəz”in mövsümü hansı pillədə bitirəcəyi bəlli idi. Gəncə klubu 2012-2013 mövsümünü sonuncu – 12-ci pildədə başa vuracaq.
