6 may 2013 18:55
Rəvan 165-ə çatdı, Orxan 9-cu oldu
"Rəvan” Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində ötən həftənin şənbə günü "Sumqayıt”la qarşılaşdı. Azerisport.az xəbər verir ki, "Rəvan” məğlub olduğu bu oyunda cari mövsüm Premyer Liqada 40-cı qolunu vurdu ki, bu, debüt mövsümü olan keçən "futbol ili”nin göstəricisini (39) üstələməyə imkan verdi.
Üstəlik, 18 oyundu heç-heçə etməyən komanda qollu oyunlar seriyasını 11 matça çatdırdı. 2013-cü ildə 8-ci qolunu vuran Xuan Manuel Varea isə həm də klub tarixinə çempionatlarda vurulan 165-ci qolun müəllifi kimi düşdü. Belə ki, komanda yaranışından sonrakı ilk 2 ili mübarizə apardığı I divizionda 86 dəfə fərqlənmişdisə, elitada bu göstərici 2 ilə 79-a bərabərdir.
"Rəvan” Premyer Liqada ilk dəfə 1 oyunda 2 futbolçusunun meydandan qovulmasına üzüldü. Nəticəyə birbaşa təsir edən bu qovulmalar komandanın elitada mübarizə apardığı dövrdə uyğun olaraq, 10 və 11-ci oldu. Orxan Lalayev isə Premyer Liqada qırmızı vərəqə alan 9-cu "Rəvan”lı oldu. Ümumilkdə klubun elita tarixi ərzində ən çox meydandan qovulan futbolçusu Tagim Novruzovdur: hazırda AZAL-da oynayan yarımmüdafiəçi 3 dəfə qarşısında qırmızı vərəqə görüb. İkinci dəfə "qırmızı” alan Samuel Barlay bu göstəricidə Əkrəm Hodziçə çatdı. 4 oyunçumuz (Şeriff Suma, İvan Vasilyev, Miloş Adamoviç və Orxan Lalayev) isə hərəyə 1 dəfə hakimin sərt qərarı ilə üzləşib.
Sonda "Bayıl Arena”da komandaya 2 qırmızı vərəqə göstərən hakim Əliyar Ağayevlə bağlı maraqlı statistikanı və məqamı da diqqətinizə çatdıraq. Belə ki, gənc referi cari mövsüm 5-ci dəfə bizim oyunda fit çalmaqla bu göstəricidə Rauf cabbarov və Vüsal Əliyevi üstələdi və lider oldu. Maraqlıdır ki, onun idarə etdiyi ev oyunlarının hər üçündə “Rəvan” qələbə qazanıbsa (Neftçi 2:0, Xəzər Lənkəran 1:0, Sumqayıt 3:0), Ağayevli 2 səfər matçında uduzub (İnter 0:2, Sumqayıt 1:4). (klub saytı)
