8 may 2013 00:17
Öncə autsayderlər, sonra iddialılar: çempion bəlli olacaq?
Bu həftə Topaz Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, final mərhələsinin 8-ci turu Azərbaycan çempionunun adına da aydınlıq gətirə bilər.
Qızıl medalların taleyi baxımından həlledici ola biləcək turda ilk “altılıq” komandaları eyni gündə meydana çıxacaq. İkinci “altılıq” matçları isə 1 gün əvvəl keçiriləcək.
Elitanı tərk etməsi xeyli öncədən dəqiqləşən “Kəpəz” “Rəvan”la qarşılaşacaq. Son 2 qarşılaşmada rəqibini quru hesabla məğlub edən “Rəvan” top fərqində öndə olduğu duellərdə qələbə sayında geridədi. “Kəpəz” sadəcə bu minimal üstünlüyünü evdə qorumaq üçün çalışa bilər. Rəqiblərin əvvəlki 7 matçında heç vaxt heç-heçə qeydə alınmayıb. Cari mövsümdəki ilk qarşılaşmada “Rəvan” “Kəpəz”ə 1:2 hesabıyla uduzsa da, səfərdə 2 cavabsız qolla qalib gəlmişdi. Final mərhələsindəki ilk oyunda isə paytaxt klubu 3:0 hesablı darmadağına sevinmişdi.
Elitanı tərk etməyə digər real namizəd “Turan” səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Çempionatda 20-ci dəfə qarşılaşacaq rəqiblərin oyunlarında indiyədək 50 qol vurulub. Həm qələbə, həm də top sayında aşkar üstünlük “Xəzər Lənkəran”ın tərəfindədi. Cənublular son 3 ev oyununda da qalib gəlib. Amma cari mövsümdə cənublular üçün “Turan”la oyunlar heç də asan alınmır. Çünki təsnifat mərhəəsindəki ilk oyunda tovuzlular Lənkəran təmsilçisini 2:1 hesabıyla məğlub etmişdilər. “Xəzər Lənkəran” evdə 4:2 hesabıyla qalib gəlməyi bacarsa da, final mərhələsindəki ilk görüşdə yenə xal itirmişdi - 2:2.
İkinci altılığın çempionluğunu özü üçün təmin edən AZAL “Sumqayıt”la üz-üzə gələcək. Cari mövsümdə rəqibinə uduzmayan AZAL yalnız top fərqində cüzi üstünlüyə malikdi. “Sumqayıt” səfərdə keçirdiyi hər 3 oyunda qol vurub və qapısında da ən azı 1 top görüb. Bu klublar təsnifat mərhələsində bir-birinə qalib gələ bilməmişdi. Sumqayıtda 2:2, Bakıda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Yalnız final mərhələsindəki ilk oyunda AZAL 2 cavabsız qolla qalib gəlmişdi.
Ən prinsipial görüşlər ikinci oyun gününə təsadüf edəcək. “Bakı” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək. Öz meydanında heç vaxt “Qəbələ”yə uduzmayan “Bakı” 20-ci duel ərəfəsində böyük üstünlüyə malikdi. Bakılılar cari mövsümdə də rəqibinə yenilməyib. Təsnifat mərhələsində Bakıda keçirilən görüş 1:1 hesabıyla başa çatmışdısa, Qəbələdəki matçda paytaxt klubu 2 cavabsız qolla qalib gəlmişdi. Final mərhələsindəki ilk oyunda isə yenə heç-heçə qeydə alınmışdı - 1:1. “Bakı” avrokuboklara vəsiqə uğrunda olduğu nəzəri şanslarını qorumaq üçün bu görüşdən qalib ayrılmağa borcludu.
Ötən tur “Qarabağ”ı məğlub etməklə çempionluğu demək olar ki, özü üçün təmin edən “Neftçi” bu tur “Simurq”la qarşılaşacaq. Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan ilk klub kimi tarixə düşməyə yaxın olan “Neftçi” özü üçün münasib rəqiblə üz-üzədi. Əvvəlki 15 oyunun 11-də qalib gələn bakılılar top fərqində “Simurq” üzərində 4 qat üstünlüyə malikdi. Son 7 qarşılaşmada isə zaqatalalılar xala da həsrət qalıb. “Neftçi” bu rəqibini təsnifat mərhələsində 2:1 və 2:0 hesablarıyla məğlub etmişdisə, final mərhələsində minimal hesabla üstün olmuşdu. Bu komanda üzərindəki növbəti qələbə “ağ-qaralar”ın qızıl medalları təmin etməsi üçün yetərli ola bilər.
Turun mərkəzi oyununda isə “İnter” “Qarabağ”ı qəbul edəcək. 35-ci duel ərəfəsində üstünlüyə malik “Qarabağ” son illərdə “İnter” üçün çətin rəqibə çevrilib. Bakılılar son 10 matçda qalib gələ bilməyib. Paytaxt təmsilçisi öz meydanında 4 görüşdür 3 xal həsrətindədi. “Qarabağ” son 3 səfər oyununda heç-heçəyə nail olub.Təsnifat mərhələsində tərəflər 1:1 və 0:0 hesablı heç-heçələrlə kifayətlənmişdilər. Final mərhələsindəki oyunda isə “Qarabağ” 3:2 hesablı qələbəyə sevinmişdi. Ağdam klubu ikinci pillədəki yerini qorumaq üçün ya qalib gəlməli, ya da ən azı heç-heçəyə nail olmalıdı. Əks halda “İnter” qələbə qazanmaqla ikinci pilləni ələ keçirə bilər.
Topaz Premyer Liqası
30-cu tur
8 may (çərşənbə)
18:00. Kəpəz – Rəvan
Bakı. “Dalğa Arena”.
18:00. AZAL – Sumqayıt
Bakı. “AZAL Arena”.
19:00. Xəzər Lənkəran – Turan
Lənkəran şəhər stadionu.
9 may (cümə axşamı)
17:00. Bakı – Qəbələ
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
19:00. İnter – Qarabağ
Bakı. “Şəfa” stadionu.
21:00. Neftçi – Simurq
Bakı. “Bakcell Arena”.
| 1 | Neftçi | 29 | 19 | 3 | 7 | 57 | 29 | +28 | 60 |
| 2 | Qarabağ | 29 | 15 | 9 | 5 | 40 | 25 | +15 | 54 |
| 3 | İnter | 29 | 15 | 8 | 6 | 37 | 21 | +16 | 53 |
| 4 | Simurq | 29 | 11 | 10 | 8 | 30 | 25 | +5 | 43 |
| 5 | Bakı | 29 | 8 | 14 | 7 | 31 | 23 | +8 | 38 |
| 6 | Qəbələ | 29 | 9 | 7 | 13 | 30 | 38 | –8 | 34 |
| 1 | AZAL | 29 | 13 | 9 | 7 | 47 | 29 | +18 | 48 |
| 2 | XL | 29 | 9 | 10 | 10 | 38 | 34 | +4 | 37 |
| 3 | Rəvan | 29 | 11 | 4 | 14 | 40 | 45 | –5 | 37 |
| 4 | Sumqayıt | 29 | 8 | 8 | 13 | 29 | 46 | –17 | 32 |
| 5 | Turan | 29 | 7 | 6 | 16 | 29 | 52 | –23 | 27 |
| 6 | Kəpəz | 29 | 3 | 4 | 22 | 15 | 56 | –41 | 13 |
Bombardirlər:
26 - Nikolas Kanales (Neftçi)
18 - Franko Nildo (AZAL)
14 - Xuan Manuel Varea (Rəvan)
13 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter), Baçana Sxadadze (İnter).
