7 may 2013 14:39
Qurban Qurbanovla Nazim Süleymanov uşaqlara dərs keçdi (FOTOREPORTAJ)
AFFA ilə Bakcell şirkətinin birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsi çərçivəsində bu gün daha iki meydançada məşqlər başlayıb. Azerisport.az xəbər verir ki, Əvvəlcə Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi - 9 ünvanında yerləşən süni örtüklü meydançada Şamil Heydərovun rəhbərliyi ilə 8-12 yaşlı uşaqların məşqi keçirilib.
Məşqə Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov və milli komanda ilə "Neftçi" klubunun üzvü Mahir Şükürovun topa ilk toxunuşundan sonra start verilib.
Layihənin icrasının başlandığı növbəti məkan Yasamal rayonu, Süleyman Dadaşov küçəsi 577-ci məhəllə ünvanında yerləşən süni örtüklü meydança olub. Burada topa ilk toxunuş "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və Azərbaycan milli komandası ilə "Bakı" klubunun futbolçusu Elvin Məmmədov tərəfindən edilib. Bu meydançada məşqlər Kəmalə İbadullayevanın rəhbərliyi ilə keçirilir.
Xatırladaq ki, "Futbol Bakcell ilə" layihəsi AFFA tərəfindən inşa olunmuş müxtəlif süni örtüklü meydançalarda assosiasiyanın təyin etdiyi təcrübəli məşqçilər tərəfindən 8-12 yaşlı uşaqlar üçün ödənişsiz məşqlərin təşkilini özündə ehtiva edir. Layihəyə mayın 1-də start verilib. Açılış tədbirlərində dünya futbolunun tanınmış simaları - Duayt York, Hakan Şükür, Rüştü Rəçbər, Abdullah Avcı, Berti Foqts, Uli Ştayn, Azərbaycan milli komandasının üzvləri Rəşad Sadıqov, Kamran Ağayev və futbol ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər.
