11 may 2013 14:16
Kanales rekordlardan doymur
“Neftçi”nin hücumçusu Nikolas Kanales Azərbaycan futbolu tarixinin ən sərrast legioneridi. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, çilili futbolçu Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Qarabağ”la keçirilmiş oyunda 26-cı qolunu vurmaqla özünəməxsus rekordu yeniləyib.
Xatırladaq ki, bu mövsümədək rekord 1997/98 mövsümündə 20 dəfə fərqlənmiş Badri Kvaratsxeliyanın aktivində idi.
Nikolas Premyer Liqada mübarizə aparan klublardan yalnız “Turan”ı məyus edə bilməyib. “Turan”dan başqa bütün komandaların qapısına yol tapan çilili oyunçunun ən çox məyus etdiyi komanda “Sumqayıt”dı. “Sumqayıt”a iki oyunda 5 qol vuran hücumçu “Xəzər Lənkəran”la hər iki matçda da qol sevinci yaşayıb. “İnter”in qapısına isə Kanales ümumilikdə 4 dəfə yol tapıb. Nikolas AZAL, “Simurq”, “Kəpəz” və “Qarabağ” klubları ilə oyunlarda dubl edib. Maraqlıdır ki, Kanales bu mövsüm “Neftçi”nin ən çox oyun keçirən futbolçularından da biridi. O, komandasının cari mövsümdə keçirdiyi 47 rəsmi oyunun 45-də meydana çıxıb.
Qeyd edək ki, çilili hücumçu qarşıdakı 2 görüşdə rekordunu yeniləyə bilər.
