12 may 2013 01:06
Rəvan AZAL-la derbiyə iki itki ilə hazırlaşır (FOTOLAR)
Topaz Premyer Liqasında növbəti tur gələn həftənin ilk günlərində keçiriləcək. Azerisport.az xəbər verir ki, "Rəvan” mayın 14-də, yəni həftənin ikinci günü doğma divarlar arasında AZAL-ı qəbul edəcək. Artıq komanda bu matç üçün hazırlıqlara start verib.
Premyer Liqanın "Kəpəz”lə oyunundan sonra futbolçulara 1 günlük istirahət imkanı yaradan baş məşqçi Ramil Əliyev öncə bərpaedici məşqlə kifayətlənib. Hələ də zədəsini sağaltmaqla məşğul olan Nikolay Orlovski ilə yüngül zədəsi olan Mindauqas Kalonas fərdi məşq ediblər. Əsasən meydanın kənarında qaçmaqla və çox bəsit təmrinlərlə keçinən bu ikilidən savayı, qalanları nisbətən yüklənib. Amma məşqin bərpaedici xarakterli olması yüklənmə dərəcəsinə də təsirsiz ötüşməyib.
Əvəzində Ramil Əliyev son məşqdə futbolçuları tam qüvvə ilə hazırlaşdırıb. İsinmə hərəkətləri fiziki təmrinlərlə əvəz olunub. Ardından toplu ənənəvi çalışmalar üstünlük təşkil edib. Cinahdan asmalar üzərində işləyən futbolçular qapıçılaraın sayıqlıqlarını yoxlamağa da imkan tapıb.
