12 may 2013 01:38
Eddi İsrafilovsuz Mursiyadan xal itkisi
Futbol üzrə Azərbaycan millisinin qarşıdakı toplanışına dəvət olanan Eddi İsrafilovun çıxış etdiyi “Mursiya” İspaniya çempionatının ikinci divizionunda növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Eddinin komandası 38-ci tur çərçivəsində “Sabadell”i qəbul edib.
Oyun 1:1 hesablı ilə başa çatıb. “Mursiya” 29-cu dəqiqədə hesabda geri düşüb. 55-ci dəqiqədə isə Kristian Qarsiya bərabərlik qoluna imza atıb. Eddi bu oyunun iştirakçısı olmayıb.
“Mursiya” 38 turdan sonra 41 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb və təhlükəli zonadadı. 22 komandanın mübarizə apardığı Sequndanı 4 komanda tərk edəcək. Mövsümün sonuna 4 tur qalıb.
Qeyd edək ki, tam adı Eddi Silvestre Paskual İsrafilov cari mövsümdə “Mursiya”nın əsas komandasında 15 oyuna çıxıb. 7 dəfə start heyətində yer alan və 8 dəfə sonradan meydana çıxan futbolçumuz ümumilikdə 746 dəqiqə oynayıb. Bu müddətdə o, 3 sarı və 1 qırmızı vərəqə alıb.
