14 may 2013 11:47
Simurq İnterlə oyuna tam heyətlə çıxa biləcək
Topaz Premyer Liqasının 31-ci turunda "İnter"i qonaq edəcək “Simurq” hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, cari mövsümdə doğma arenda keçirəcəyi son matçın məşqlərini başa vuran Zaqatala təmsilçisi bir saatdan artıq davam edən çalışmalara əvvəlcə yüngül qaçış və isinmə hərəkətləri ilə başlayıb.
Daha sonra Georgi Çixradze yetirmələrinə meydanın mərkəzində qısa ötürmələrdən ibarət tapşırıq verib. Bundan sonra ikitərəfli futbol və qruplara bölünərək "kvadrat" oynanılıb. Hazırlığın sonunda qapıya zərbələr üzərində məşq edilib.
Rəqiblərin 15-ci dueli ərəfəsində "Simurq"un heyətində ciddi bir itki yoxdu. Komanda statistik cəhətdən onu üstələyən "İnter"ə qarşı tam heyətlə çıxa biləcək. Zaqatala təmsilçisi "bankirlər" üzərində yeganə qələbəsini cari mövsümdə qazanıb. Bununla yanaşı "sarı-qaralar" tarixinin ən böyük hesablı məğlubiyyətini də, məhz bu il "İnter"lə görüşdə yaşayıb (5:0).
