16 may 2013 20:18
Adamsla Syomin Qəbələyə gəlir
Xəbər verdiyimiz kimi, mayın 29-da Qəbələdə ikinci “Qəbələ kuboku” start götürəcək. Azerisport.az xəbər verir ki, sözügedən turniri bəzi fəxri qonaqlar da canlı izləyəcəklər.
Onların arasında İspaniyanın “Barcelona” klubunun sabiq müdafiəçisi Xuan Alberto Moreno, “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams, bölgə klubunun yeni baş məşqçisi olması gözlənilən rusiyalı mütəxəssis Yuri Syomin, Hollandiya yığmasının sabiq hücumçusu Roy Makay, eləcə də “Beşiktaş” və “Şaxtyor”un futbol akademiyalarının direktorları yer alacaqlar.
Qeyd edək ki, səkkiz komandanın iştirak edəcəyi turnirdə “Qəbələ” “Barcelona” (İspaniya), “Beşiktaş” (Türkiyə) və “Şaxtyor”la (Ukrayna) eyni qrupa düşüb. Azərbaycanı təmsil edən digər komanda – “Bakı” isə “Zenit” (Rusiya), “Feyenoord” (Hollandiya) və “Porto”yla (Portuqaliya) bir qrupda yarışacaq. Turnirə iyunun 1-də yekun vurulacaq.
