16 may 2013 14:43
AFFA klubları cəzalandırdı
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 61-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Skatlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Turan” – “Kəpəz” matçında “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – AZAL matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar. Matçın 85-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Nikolay Orlovski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” – “Neftçi” oyunun 3-cü, 47-ci və 49-cu dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Qəbələ” azarkeşləri tərəfindən “Neftçi”nin avtobusunun şüşəsi sındırıldığı üçün “Qəbələ” klubu dəymiş zərərə uyğun olaraq “Neftçi”yə təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
“Simurq” – “İnter” matçının 54-cü dəqiqəsində “Simurq”un futbolçusu Nicat Qurbanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “İnter”in futbolçusu Vladimir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ” – “Bakı” matçının 84-cü dəqiqəsində “Bakı”nın futbolçusu Rauf Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
