16 may 2013 15:07
Hakimi təhqir edən futbolçu 4, rəqibini təhqir edənə 3 oyunluq cəza!
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Simurq” – “İnter” matçının 86-cı dəqiqəsində “Simurq”un futbolçusu İlqar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Rəvan” – AZAL matçında hər iki klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 500 manat cərimə olunublar. Oyunun 90+4-cü dəqiqəsində AZAL-ın futbolçusu Elgün Abbaslı rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qarabağ” – “Bakı” matçının 29-cu dəqiqəsində Mahir İbrahimov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
