18 may 2013 12:43
PFL simvolik komanda ilə bağlı narazılıqlara münasibət bildirdi
Məlum olduğu kimi, artıq bir neçə turdu Peşəkar Futbol Liqası “Instat Football” şirkətinin təqdim etdiyi analitik məlumatlara əsasən Topaz Premyer Liqasında hər turun rəmzi komandasını ictimaiyyətə açıqayır. Lakin azerisport.az xəbər verir ki, bu seçim heç də futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.
Çünki turun ən yaxşıları arasında çox vaxt ikinci altılıq komandalarının oyunçuları yer alır və daha vacib görüşlərin iştirakçısı olan aparıcı klubların üzvləri simvolik heyətə düşmür. Bu cür seçimlərdən ən çox narazı qalanlar da məhz həmin aparıcı klubların üzvləri olur.
Məhz bu narazılıqlarla əlaqədar olaraq, Peşəkar Futbol Liqasının mətbuat xidmətinin katibi Aslan Şahgəldiyevin mövqeyini öyrənməyə çalışdıq. O, sözügedən məsələ ilə bağlı bunları açıqladı:
“Bu proqram oyunların əhəmiyyətini nəzərə almır. Məsələn, hamı bilir ki, “Neftçi” – “Bakı” oyunu “Turan” – “Kəpəz” matçı ilə müqayisədə daha çətin, vacib qarşılaşmadı. Amma proqram bu oyunlar arasında əhəmiyyətlilik dərəcəsini nəzərə almır. Burda sadəcə hər oyunçunun fərdi göstəriciləri ön planda olur. Yəni oyunçuların faydalı iş əmsalı hesablanır. Burda da ötürmələrin dəqiqliyi, zərbələrin, buraxılan səhvlərin sayı, qaçdığı məsafə və sair keyfiyyətlər hesablanır. Belə olan halda proqram oyunlardan hansının daha əhəmiyyətli olduğunu necə müəyyənləşdirə bilər? Bu, yeni sxemdi və ola bilsin ki, bəziləri onun nə olduğunu başa düşmür. Avropada bu proqramın xidmətindən çoxdan yararlanırlar. Bir sözlə, bu, sadəcə futbolçuların statisdik göstəricilərini müəyyənləşdirir. Hərdən bizim futbolçulara səhvlərini sübut etmək çətin olur. Bu proqram isə hər şeyi aydın şəkildə üzə çıxarır. Avropada futbolçulara milyonları təsadüfi yerə ödəmirlər. Onlarda ötürmələrdəki səhvlər 5-10 faizdən yüksək olmur. Bizdə isə bu faizlər çox yüksəkdi. Sözügedən proqram da məhz bu və digər məqamları araşdırır və ən yaxşı futbolçuların hansılar olduğunu müəyyənləşdiririk. Yeri gəlmişkən, artıq bu proqramdan ölkənin bir sıra aparıcı klubları – “Neftçi”, “Qarabağ” və “İnter” də istifadə edir. Belə hesabatlar oyunçu alarkən də faydalı olur”.
