20 may 2013 13:37
Yığmamızın baş məşqçisi: AFFA mənə hər cür şərait yaradıb
İspaniyadakı maliyyə böhranı bu ölkədə bir çox sahəyə zərbə vurduğu kimi, qadın futboluna da təsirsiz ötüşməyib. Azerisport.az xəbər verir ki, altı milyona yaxın əhalisi işsiz qalan ölkənin vətəndaşları məcburiyyətdən ölkə xaricində iş axtarmağa üstünlük verməkdədi.
Onlardan biri də 26 yaşlı Patrisiya Qonsalesdi. Məlum olduğu kimi, “Rayo Vallecano”nun qadınlardan ibarət komandasının çalışdırıcısı hazırda Azərbaycanın U-19 komandasını çalışdırır. O, bu münasibətlə ölkəsinin mətbuatına bəzi açıqlamalar verib:
“Bu, mənim üçün bir şans idi və qərara gəldim ki, onu əldən verməyim. İspanların bəzisi ölkə xaricində iş tapa bilirlər. Amma biz qadınlara bu, elə də asan başa gəlmir. AFFA isə mənə hər cür şərait yaradıb. Təbii ki, nə vaxtsa yenidən İspaniyaya qayıdacağam. Amma hələlik burda sözümü demək istəyirəm”.
Patrisiya Bakını da tərifləməyi unutmayıb: “Bakı təhlükəsiz şəhərdi. İnsanlar mənə çox yaxşı münasibət göstərirlər. Bu, bir qədər fərqli mədəniyyətdi. Reallıq da ondan ibarətdi ki, buranın insanları çox qonaqpərvərdilər”.
