22 may 2013 18:17
“Kapitan olmaq həm də əlavə məsuliyyətdi”
Topaz Premyer Liqasının son tur matçında "Rəvan” "Xəzər Lənkran”ı səfərdə üstələdi. Azerisport.az xəbər verir ki, oyunun özəlliklərindən biri də “Rəvan”ın meydana yeni kapitanla çıxması oldu.
Belə ki, əsas kapitan Tural Axundov zədəli olduğundan baş məşqçi Ramil Əliyev seçimini Nodar Məmmədovun xeyrinə etdi. Belədə 2008/09 mövsümündə MOİK-də kapitan olmuş "4” nömrə təxminən 4 ildən sonra yenidən qoluna sarğı taxdı.
Bu məsələ ilə əlaqədar Nodar klubun rəsmi saytına danışıb: "Düzü, oyuna həmişəki kimi hazırlaşmışdım. Çünki əvvəlcədən kapitanın kim olacağını bilmirdim. Fikirləşirdim ki, Ramazan Abbasov və Tofiq Mikayılov "Rəvan”da məndən daha çox oynayıblar, sarğı onlardan birinə verilər. Ona görə də gözləmirdim ki, sarğı mənə veriləcək. Bu haqda yalnız oyun günü bildim. Uşaqlar söylədi ki, baş məşqçi o biri yerlilərlə müqayisədə daha təcrübəli olduğuma görə məni kapitan edəcək. Sonuncu dəfə U-21-də və MOİK-də kapitan olmuşdum. Azı 4 il ötür bu olaydan. Ona görə də sevindim. Kapitan olmaq həm də əlavə məsuliyyətdir. Şadam ki, siftəm uğurlu alındı və ən çətin səfərlərdən birindən qələbə ilə döndük”.
Bu yerdə onu da vurğulamaq lazımdı ki, Nodar Məmmədov cari mövsüm komandada kapitan funksiyasını yerinə yetirən 4-cü futbolçu oldu. Daha öncə Miloş Zeçeviç, 2 oyunda Əkrəm Hodziç və ikinci altılığın başlaması ilə Tural Axundov sarğını qoluna keçirmişdi. Premyer Liqada iştirak etdiyimiz dövrə nəzər saldıqda isə ötən mövsüm 1 matçda Davud Kəriminin, 1 görüşdə isə Ramazan Abbasovun kapitan olduğunu qeyd edə bilərik. Daha 1 oyunda Tural Axundov komandasını meydana çıxarıb. Qalan 29 qarşılaşmada isə Zeçeviç sarğılı olub.
