22 may 2013 14:29
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının sonuncu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qarabağ” – “Simurq” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Neftçi” – “Bakı” matçında “Bakı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 59-cu dəqiqəsində “Bakı”nın futbolçusu Elşən Rzazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Turan” – “Sumqayıt” oyununun 60-cı dəqiqəsində “Turan”ın futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
