22 may 2013 16:37
Çempion mükafatlandırıldı (FOTOREPORTAJ)
Futbol üzrə Azərbaycan Birinci Divizionunun qalibi “Ağsu” komandası mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, Ağsu rayonuna səfər edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, PFL-in heyəti və media nümayəndələrini Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, icra hakimiyyətinin nümayəndələri və “Ağsu” klubunun futbolçu və məşqçi heyəti qarşılayıb. Qonaqlar və rayon icra nümayəndələri ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar.
Ağsu şəhər mədəniyyət evində təşkil olunmuş tədbirdə çıxış edən Ağsu rayon icra hakimiyyətinin başcısı Ənvər Seyidəliyev “Ağsu” klubunun çempion olmasının rayon futbolu üçün böyük uğur olduğunu vurğulayıb. PFL-in prezidenti Ramin Musayev qazanılan uğur münasibətilə komandanı və rayon rəhbərliyini təbrik edib, bu uğurların davamlı olmasını arzulayıb.
PFL-in prezidenti Ramin Musayev Birinci Divizionda 2012/2013-cü il mövsümünün qalibi olmuş “Ağsu” klubuna qızıl medallar və çempionluq kubokunu təqdim edib. 19 qolla Birinci Divizionun bombardiri olmuş “Ağsu” klubunun futbolçusu Nicat Tağıyevə də PFL tərəfindən xüsusi mükafat verilib.
