28 may 2013 00:12
Böyük final!
Bu gün Azərbaycanda daha bir futbol mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, mövsüm Azərbaycan Kubokunun final matçı ilə yekunlaşacaq.
Qeyd edək ki, finalda ardıcıl üç ildi ölkə çempionu olan “Neftçi” ilə bu komandanın ən prinsipial rəqibi “Xəzər Lənkəran” üz-üzə gələcək. Hansı ki, bu komanda Premyer Liqanın son mövsümünü çox uğursuz keçirdi və doqquzuncu oldu. Lakin Con Toşakın yetirmələri son anda toparlanıb ölkə kubokunun finalına çıxmağı bacardılar.
Həm paytaxt, həm də Lənkəran klubu bu görüşə demək olar ki, tam arxayın çıxacaq. Məsələ burasındadı ki, “Neftçi” Premyer Liqanı ölkə çempionu kimi başa vurduğundan indi sadəcə növbəti titul qazanmaq arzusundadı. Çempionlar Liqasına vəsiqə qazanan Böyükağa Hacıyevin yetirmələri kuboku da qazanmaqla qızıl dubla imza atmaq istəyir. Baş məşqçi özü, həmçinin yetirmələri də mövsümü iki titulla bitirib, növbəti avrokuboklar macərasına yaxşı əhval-ruhiyyədə yollanmaq istəklərini gizlətmirlər.
“Neftçi” bu dəfə kuboku qazanmaqla həm də ötən il üzləşdiyi uğursuzluğu unutdurmaq istəyir. Maraq üçün xatırladaq ki, “ağ-qaralar” ötən mövsüm də çempion olduqdan sonra kubokun finalında qələbə qazanmaq, qızıl dubla imza atmaq şansına malik idi. Amma o vaxt “Bakı” paytaxt derbisində qalib gəlməklə “Neftçi”nin qızıl dubl arzularının üstündən xətt çəkdi. İndi ölkə çempionu “Xəzər Lənkəran”la qarşılaşmada həmin uğursuzluğun təkrarlanmamasına çalışacaq.
“Neftçi” həm də 2004-cü ildən bəri qazana bilmədiyi kubok həsrətinə son qoymaq arzusundadı. Tarixi ərzində dörd dəfə kuboku qazanan paytaxt klubu bu göstəricisinə görə “Kəpəz”lə şərikdi. Növbəti dəfə bu uğura imza atacağı halda “Neftçi” qazandığı kubokların sayına görə də rekordçu olacaq. Komandanın baş məşqçisi Böyükağa Hacıyev isə ümumiyyətlə karyerası ərzində bu titula sahib çıxmayıb və özü üçün bir ilk gerçəkləşdirə bilər.
“Xəzər Lənkəran”a gəlincə, bu komanda üçün də itiriləsi heç nə yoxdu. Cənub təmsilçisi çempionatı doqquzuncu pillədə başa vursa da, kubokun finalına çıxmaqla artıq Avropa Liqasına vəsiqəni özü üçün təmin edib. Düzdü, bu, “Neftçi”nin çempionluğu sayəsində rəsmiləşdi. Lakin cənublular indi kuboku qazanmaqla həm titullarının sayına daha birini əlavə etməyi, həm də Avroliqaya əzəli rəqibi “Neftçi”nin çempionluğu sayəsində vəsiqə qazanması haqda söhbətlərə son qoymağı düşünür. Həm də “ağ-yaşıllar” azarkeşləri qarşısında bəraət qazanmaq, son iki mövsümdəki uğursuzluqları unutdurmaq arzusundadı.
Qeyd edək ki, “Xəzər Lənkəran” tarixində üç dəfə ölkə kubokuna yiyələnib. Bu finalda qalib gələcəyi halda, bölgə təmsilçisi kuboklarının sayını əzəli rəqibininki ilə eyniləşdirmək şansına malikdi. Bu komandanın sonuncu dəfə kuboku 2010/2011 mövsümündə qazandığını da xatırladaq.
Maraq üçün bildirək ki, Azərbaycan kuboku tarixində ilk dəfə finalda “Böyük oyun” baş tutacaq. Baxmayaraq ki, bu qarşılaşma rəqiblər arasında 28-ci dueldi. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bu matçlardakı top fərqində bakılılar öndədi – 28:25.
Baş tutan 27 matçdan 25-i Azərbaycan çempionatında keçirilib. Kubokda isə yolları yalnız 1 dəfə kəsişən komandalar 2010/11 mövsümündə 1/4 finalda 2 dəfə üz-üzə gəlmişdi. Həmin duel “Xəzər Lənkəran”ın xeyrinə başa çatmışdı. Bakıdakı məhsuldar oyunda 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” evdəki bərabərliklə mərhələ adlamışdı. Finalda isə azarkeşlər ilk dəfə “Böyük oyun” izləyəcək.
Azərbaycan kuboku
Final
28 may
20:00. Neftçi – Xəzər Lənkəran
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
