27 may 2013 14:08
Neftçinin ÇL-dəki potensial rəqibləri
Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının 2013/14 mövsümündə Azərbaycanı yenə son çempion “Neftçi” təmsil edəcək. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Artıq Azərbaycan təmsilçisinin bu turnirdəki potensial rəqiblərinin əksəri bəllidi. Bəribaşdan qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin püşkatması zamanı “Neftçi” səpələnmişlər sırasında yer alacaq. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub səpələnmişlər, bir o qədəri də səpələnməmişlər səbətində yer alacaq.
Bu mərhələdə iştirak etmək hüququ qazanan klublardan artıq aşağıdakılar məlumdu:
Səpələnmişlər: BATE (Belarus), Celtic (Şotlandiya), Steaua (Rumıniya), Dinamo (Zaqreb, Xorvatiya), Partizan (Serbiya), “Legia” (Polşa), Sheriff (Moldova), Maribor (Sloveniya), Slovan (Slovakiya), Elfsborg (İsveç), Maccabi (Təl-Əviv, İsrail), Molde (Norveç), HJK (Finlandiya), Ekranas (Litva), Neftçi (Azərbaycan), Dinamo (Tiflis, Gürcüstan).
Səpələnməmişlər: Zeljezniçar (Bosniya və Herseqovina), “Hafnarfjordur” (İslandiya), Gyor (Macarıstan), TNS (Uels), Ludogorets (Bolqarıstan), Sligo Rovers (İrlandiya), Şaxtyor (Qazaxıstan), Skenderbeu (Albaniya), Birkirkara (Malta), Cliftonville (Şimali İrlandiya), Daugava (Latviya), Nomme Kalju (Estoniya), Fola (Lüksemburq).
İkinci təsnifat mərhələsində çıxış etməli olacaq Çexiya, Makedoniya və Monteneqronun bu turnirdəki təmsilçilərinin adlarına hələlik aydınlıq gəlməyib. Maraq üçün qeyd edək ki, onlardan Çexiya çempionu “Neftçi” ilə birgə səpələnmişlər sırasında yer alacaq. Qalan iki ölkənin naməlum təmsilçisi isə Azərbaycan çempionunun potensial rəqibləri sırasındadı.
Eyni zamanda Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də mütləq “Neftçi”nin potensial rəqibi olacaq. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Shirak (Ermənistan) və San-Marinonun bəlli olmayan çempionu.
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək.
