28 may 2013 11:25
Araz Abdullayev: Hamı bizdən qələbə gözləyir
“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibısində o, öncə ardıcıl üçüncü çempionluqla bağlı fikirlərini bölüşüb:
“Bu, “Neftçi” ilə ikinci çempionluğumdu. Çox şadam ki, komandam yenə ölkənin ən yaxşısı oldu”.
“Bu, “Neftçi” ilə ikinci çempionluğumdu. Çox şadam ki, komandam yenə ölkənin ən yaxşısı oldu”.
Abdullayev “Xəzər Lənkəran”la kubokun final oyununda da qalib gəlməklə daha bir titul qazanmaq istədiklərini gizlətmir: “Bilirik ki, “Xəzər Lənkəran”a qarşı oynamaq çox çətin olacaq. Çünki bu komandalar arasındakı oyunların nə qədər prinsipial xarakter daşıdığı sirr deyil. Amma biz qızıl dubla imza atmaq istəyirik. Ona görə kuboku da qazanmağa çalışacağıq”.
“Neftçi”nin yarımmüdafiəçisi milliyə çağırılmasından da danışıb: “Şadam ki, uzun fasilədən sonra yenidən yığmaya çağırıldım. Düzdü, kubokun final oyununa görə Qətərlə yoldaşlıq oyununu buraxmalı olacağam. Amma növbəti məşqlərdə özümü göstərib, Lüksemburqla görüşdə meydana çıxmaq istəyirəm”.
Araz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Lüksemburqla görüşdə mütləq 3 xal qazanmalı olduğumuzu dilə gətirib: “Hamı bizdən qələbə gözləyir. Biz də məhz buna nail olmalıyıq. Çünki səfərdə bu komandayla heç-heçəyə nail olmuşuqsa, ev oyununda başqa çıxış yolumuz yoxdu. Son dövrlər yaxşı forma toplamışam. Amma klubla yığmada oynamaq tam fərqli şeylərdi. Klubda yaxşı oynamaq yığmada da hər şeyin yaxşı olacağı anlamına gəlmir. Yaxud da əksinə. Lakin istənilən halda özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam”.
