29 may 2013 00:15
Böyük oyundan sonra dava düşdü!
Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutan “Neftçi” – “Xəzər Lənkəran” matçından sonra dava düşüb. Azerisport.az xəbər verir ki, matç başa çatan kimi iki komandanın üzvləri arasında yumruq davası başlayıb.
Bir anda meydanda ara qarışıb. Olaya klub rəsmiləri və hərbçilər müdaxilə ediblər. Bir müddətlik gərginlikdən sonra polis və Daxili Qoşun əsgərləri aranı sakitləşdirib.
Qeyd edək ki, hər şey cənubluların baş məşqçisi Con Toşakla “ağ-qaralar”ın qapıçısı Saşa Stamenkoviç arasında yaranan kiçik söz davasından sonra başlayıb. Uelsli mütəxəssis görüşdən sonra penalti seriyası zamanı davranışlarından xoşlanmadığı serbiyalı qapıçıya narazılığını bildirib. Bu zaman iki komandanın futbolçuları bir-birinə dəyib. Münaqişə zamanı “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev xüsusi fəallığı ilə seçilib. Onu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çətinliklə sakitləşdirib.
