30 may 2013 20:14
“Azərbaycanın bir gün əvvəl qırğızlara 7 top fərqilə qalib gəlməsi bizi daha ciddi hazırlaşmağa məcbur etdi”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş ABŞ – Qırğızıstan matçından (11:0) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Cim Runi (ABŞ yığmasının baş məşqçisi): "Turnirin ilk oyununda belə hesabla qalib gəlməyimiz əla oldu. Əslində, Azərbaycan yığmasının bir gün əvvəl Qırğızıstan millisinə yeddi top fərqilə qalib gəlməsi bizi bu qarşılaşmaya daha ciddi hazırlaşmağa məcbur etmişdi. Əsas məqsədimiz rəqib qapısından bacardıqca çox top keçirmək idi ki, buna da nail olduq. Təşkilatçılığa gəlincə isə, infrastruktur, stadion, hər şey əladır".
Marat İsrailov (Qırğızıstan yığmasının baş məşqçisi): "Rəqib bütün cəhələrinə görə bizdən üstün idi. ABŞ millisi əsl Avropasayağı futbol nümayiş etdirir. Onların yüksək fiziki hazırlıqları oyunun nəticəsinə də təsir etdi".
