31 may 2013 00:05
“Bununla rəqibin qələbəsinə kölgə salmaq istəmirəm”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş İordaniya – Özbəkistan matçından (0:7) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Adnan Avap (İordaniya yığmasının baş məşqçisi): “Turnirdə iştirak edən kollektivlərlə müqayisədə biz daha gənc komandayıq. Təbii ki, bu da nəticələrə öz təsirini göstərir. Bununla rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Özbəkistan yığması yaxşı çıxış edib layiqli qələbə qazandı”.
Timur Alimhodjayev (Özbəkistan yığmasının baş məşqçisi): “Azərbaycanla Özbəkistan arasında dostluq münasibəti var. Artıq iki ildir ardıcıl belə yüksək səviyyəli turnirdə çıxış edirik. Oyuna gəlincə, ilk dəqiqələrdən oyuna nəzarəti ələ keçirdik. Düzgün taktika seçib layiq olduğumuz qələbəni qazandıq”.
