30 may 2013 11:48
Elhad Nəziri mövsümün son matçında da oynamadı, Petrolul 3-cü yerlə kifayətləndi
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında mövsümün son matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 34-cü tur çərçivəsində “Gaz Metan” ilə qarşılaşıb.
Qarşılaşma doğma meydanda keçirilsə də, “Petrolul” bu görüşü qalib başa vura bilməyib. 43-cü dəqiqədən etibarən yenik duruma düşən həmyerlimizin komandası yalnız 90-cı dəqiqədə penaltidən vurduğu qolla hesaba tarazlıq gətirib. Yeri gəlmişkən bildirək ki, bu görüşdə hakim altı qırmızı vərəqə göstərib. Onlardan dördü rəqib futbolçulara, ikisi isə “Petrolul”un oyunçularına verilib.
Yığmamızın üzvünün bu oyunda hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Nəziri mövsümün son oyununda da ehtiyatda qalıb.
Qeyd edək ki, “Petrolul” mövsümü 62 xalla 3-cü pillədə tamamlayıb. Nəticədə, bu komanda Avropa Liqasına vəsiqə qazanıb.
Rumıniya çempionatı
34-cü tur
29 may
Petrolul - Gaz Metan – 1:1
